...

Dmitri Medvedev: Yüz minlərlə azərbaycanlı üçün Rusiya ikinci vətəndir

Siyasət Materials 25 Noyabr 2011 18:48 (UTC +04:00)

Rusiya, Moskva, 25 noyabr /Trend, xüsusi müxbir V.Aleksandrov/

Yüz minlərlə azərbaycanlı üçün Rusiya ikinci vətəndir. Bu barədə RF Prezidenti Dmitri Medvedevin cümə günü Moskvada keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin III qurultayının iştirakçılarına təbrikində deyilir.

Medvedevin təbrik məktubunu Rusiya Federasiyası Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov oxuyub.

"Moskvada, Rusiyanın 72 regionundan 150-dən çox nümayəndənin toplaşdığı Ümumrusiya Azərbaycan Konqresinin III qurultayının iştirakçılarını salamlamağa şadam. Xalqlarımız yüzilliklər boyu ən sıx dostluq və etimad telləri ilə bağlıdır. Əcdadlarımız yanaşı çalışaraq bu gün bizim haqlı olaraq fəxr etdiyimiz ümumi tariximizi yaratmış, milli mədəniyyətlərin qarşılıqlı nüfuzuna və zənginləşməsinə şərait yaratmış, Böyük Vətən Müharibəsi illərində ümumi düşmənlə mübarizədə müstəqilliyimizi qoruyub saxlamışlar", - təbrikdə deyilir.

Təbrikdə qeyd olunur ki, sevindirici haldır ki, olduqca qiymətli mehriban qonşuluq və tərəfdaşlıq ənənələri inkişaf edir və nəsildən-nəslə keçir, yüz minlərlə azərbaycanlı üçün Rusiya ikinci vətəndir.

"Bu gün Azərbaycan diasporu ölkə iqtisadiyyatının modernləşməsinə sanballı töhfə verir, elmi, idman və mədəni həyatda fəal iştirak edir, cəmiyyətdə millətlərarası və konfessiyalararası sülhün və həmrəyliyin möhkəmlənməsi, suveren Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın inkişaf etdirilməsi üçün çox iş görür", - RF Prezidentinin təbrikində bildirilir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Rəyasət Heyətinin "Ümumrusiya Azərbaycanlıları Konqresinin III Qurultayının çağırılması barədə" qərarına uyğun olaraq keçirilən qurultaya Rusiya Federasiyasının 72 regionundan 130 nümayəndə seçilib.

Qurultayın işində Azərbaycan Respublikası və Rusiya Federasiyasının yüksək səviyyəli dövlət nümayəndələri, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qonaq qismində iştirak ediblər.

Azərbaycan Respublikasından qurultayın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdirləri Zeynal Nağdəliyev, Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak ediblər.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu qurultay iştirakçılarına oxuyub. Məktubda Azərbaycan Prezidenti Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafından danışıb.

Qurultayda ÜAK-ın 136 nəfərdən ibarət Mərkəzi Şurası, 7 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçilib.

Qurultay işini başa çatdırdıqdan sonra qurultay nümayəndələrinin iştirakı ilə ÜAK-ın Mərkəzi Şurasının yeni tərkibinin iclası keçirilib. Məmməd Əliyev yenidən ÜAK-ın prezidenti seçilib. Mərkəzi Şura ÜAK-ın 31 nəfərdən ibarət İdarə Heyətinin tərkibini seçib. Mərkəzi Şuranın iclasında Mikayıl Hüseynov Ümumrusiya Azərbaycanlıları Konqresinin baş katibi seçilib.

Xəbər lenti

Xəbər lenti