Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/
22 fevral Dağlıq Qarabağ münaqişəsi regionunda ilk qanın töküldüyü gündür.
"20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Soveti DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməsi ilə bağlı qərar qəbul etdi. DQMV Xalq Deputatları Sovetinin çıxardığı bu qərarı DQMV-nin azərbaycanlı əhalisi narazılıqla qarşıladı", - Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Əsgəran rayonunda yerli əhalinin fevralın 22-də toplaşaraq dinc yolla öz narazılıqlarını bildirmək aksiyasına qonşu Ağdam rayonunun əhalisinin də bir qismi qoşuldu.
Əhmədoğlu qeyd edib ki, rəsmi Bakının göndərdiyi nümayəndə heyətinin azərbaycanlılarla apardığı danışığın effekt verdiyi zamanda, başqa sözlə, dinc yolla azərbaycanlı sakinlərin geri qayıtmasının mümkünlüyü bəlli olduqdan sonra ermənilər atəş açaraq iki azərbaycanlı gənci öldürdülər.
"İki gəncin qanı erməni qantökənliyinin sübutu üçün qaneedici faktor kimi qəbul edilmədiyi üçün hadisədən dörd gün keçmiş fevralın 26-da Sumqayıtda ermənilər özləri erməni qırğını törətdilər. Görünür, Sumqayıt hadisələrində də tökülən qanın miqdarı onları qane etmədiyi üçün digər qətliamlar, o cümlədən Xocalı soyqırımını törətdilər", - politoloq bildirib.
O, qeyd edib ki, DQ münaqişəsinin nəzəri-ideoloji bünövrəsi 1987-ci il noyabrın sonlarında SSRİ-nin o zaman rəhbəri olan Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri işləyən, milliyətcə erməni akademik Abel Aqanbekyanın Fransanın sol yönümlü "Humanite" qəzetində müsahibəsi ilə qoyuldu.
"İqtisadçı akademik Aqanbekyan DQMV-nin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə daxil olmasını ümumilikdə SSRİ-də iqtisadi vəziyyətin dəyişməsinə təsir edə biləcək hadisə kimi əsaslandırdı", - Əhmədoğlu bildirib.
O, vurğulayıb ki, "Humanite" qəzetindəki məqalə fransızların ermənilərə verdiyi yeganə dəstək olmadı və 1987-ci ildə Avropa Parlamentində fransız sosialistlərin aktiv iştirakı ilə "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul edildi.
Əhmədoğlunun sözlərinə görə, Ermənistan və onun liderləri həmişə xristian faktorundan istifadə edib və indi də bu yoldadırlar.
"İndiki prezident Serj Sarkisyan prezident kürsüsünə oturmazdan bir az öncə ABŞ-da Ermənistanı "xristianlığın cənubda ən son qalası" adlandırmışdı. İndi də Ermənistan rəhbərləri digər dövlətlərə səfərləri zamanı "mədəni əməkdaşlıq" adı altında müxtəlif müqavilələr imzalayırlar. Əslində, mədəni əməkdaşlıq ermənilərin "dilində" xristian həmrəyliyi anlamına gəlir", - politoloq qeyd edib.
Əhmədoğlu deyib ki, Ermənilər kütləvi saxtakarlıqla məşğul olmağa məcburdular, çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər şey onların mövqeyinin əleyhinədir. Buna görə ermənilər "Dağlıq Qarabağ" terminini "Artsax" termini ilə əvəz etməyə çalışırlar. Amma çalışmaları ciddi nəticə verməyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istənilən anda dönüş yarana bilər. Beynəlxalq aləmdə, o cümlədən Avropa məkanında gedən proseslər belə dönüşə əsas yaradır.
"İstənilən dəyişiklik Ermənistanın ziyanınadır. Rusiya Prezidentinin Soçi görüşündə irəli sürdüyü təşəbbüsləri qulaqardına vuran və ya neytrallaşdıran Ermənistan Fransanın təkidli təzyiqləri ilə üzləşə bilər", - Əhmədoğlu vurğulayıb.