...

İsveçrənin Bern kantonunun hökumət sədri Azərbaycana səfərə dəvət olunub

Siyasət Materials 9 Avqust 2012 17:59 (UTC +04:00)
Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Bern kantonu hökumətinin sədri Andreas Rikenbaher ilə görüş keçirib.
İsveçrənin Bern kantonunun hökumət sədri Azərbaycana səfərə dəvət olunub

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Bern kantonu hökumətinin sədri Andreas Rikenbaher ilə görüş keçirib.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə uğurla genişlənən münasibətlər haqqında məlumat verən səfir, ölkəmizin İsveçrə kantonları ilə də fərdi qaydada əməkdaşlıqda maraqlı olduğunu bildirib və bu xüsusda İsveçrədə güclü iqtisadi potensialı ilə seçilən Bern kantonunun prioritet təşkil etdiyini vurğulayıb.

Azərbaycan iqtisadiyyatının sürətli inkişafından danışan Zeynallı, ölkəmizdə xarici sərmayələrin qoyuluşu üçün münbit şəraitin mövcudluğuna diqqəti yönəldib və qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və alternativ enerji sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu həmsöhbətinin diqqətinə çatdırıb.

Azərbaycanla Bern kantonu arasında işgüzar əlaqələrin qurulması məqsədilə biznes dairələrinin nümayəndələrindən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi və birgə biznes forumların keçirilməsinin məqsədəuyğunluğundan danışan səfir, Bern kantonu hökumətinin sədrini iş adamlarından ibarət nümayəndə heyəti ilə birgə ölkəmizə səfərə dəvət edib.

Dəvət məmnuniyyətlə qəbul edilib və onun ən qısa zamanda reallaşacağından əminlik ifadə edilib.

Görüşdə, həmçinin Azərbaycan şəhərləri ilə Bern kantonuna daxil olan şəhərlər arasında birbaşa əlaqələrin qurulması və onların qardaşlaşmış şəhərlər elan edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti