...

Azərbaycanın hakim partiyası prezident seçkisi ilə bağlı iddiasını açıqladı

Siyasət Materials 3 Sentyabr 2012 13:36 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Bahar Muradova partiyanın hazırlıqlarının növbəti dəfə öz müsbət nəticəsini verəcəyini hesab edir.
Azərbaycanın hakim partiyası prezident seçkisi ilə bağlı iddiasını açıqladı

Azərbaycan, Bakı, 3 sentyabr /Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Bahar Muradova partiyanın prezident seçkiləri ilə bağlı hazırlıqlarının növbəti dəfə öz müsbət nəticəsini verəcəyini hesab edir.

Muradova bazar ertəsi Trend-ə bildirib ki, bu gün Azərbaycanda iqtidarda olan siyasi qüvvə seçkilərə hazırlıq prosesinə heç zaman fasilə verməyib.

"Azərbaycanda seçkilərə hazırlıq başlanılıb. Yəni, kimlər üçünsə başlanılıb, amma kimlər üçünsə bu, daimi prosesdir. Çünki iqtidarda qalmaq istəyən, ümumiyyətlə, iqtidara gəlmək istəyən siyasi qüvvə və onun namizədi davamlı, məqsədyönlü, fasiləsiz, müsbət nəticəyə hesablanmış, seçicilərin daha çox etimadını və inamını qazanmaq, onu qorumaq, inkişaf etdirmək istiqamətində səy, fəaliyyət göstərməlidir. Yeni Azərbaycan Partiyasının fəaliyyəti bu istiqamətdədir. Hesab edirəm ki, bu hazırlıqlar növbəti dəfə öz müsbət nəticəsini verəcək", - o, deyib.

Vitse-spiker qeyd edib ki, düşərgəsindən asılı olmayaraq, seçkilərə kimin necə hazırlaşması onların imkanı daxilində olan məsələdir.

"Müxalifətin imkanı bu gün ona çatır ki, bir-biri ilə razılaşmamaqla özlərini gündəmdə saxlamağa cəhd etsinlər. Bu da onların özlərinin ifadə formasıdır, özlərinin siyasi fəaliyyətinin təzahürü formasıdır", - Muradova deyib.

Vitse-spiker vurğulayıb ki, hər kəs öz sosial bazasına, siyasi kapitalına uyğun hazırlığı həyata keçirir.

Azərbaycanda növbəti prezident seçkiləri 2013-cü ilin sonlarında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti