...

Gülər Əhmədova ilə bağlı məsələ Milli Məclisdə MSK-nın qərarından sonra müzakirəyə çıxarılacaq

Siyasət Materials 1 Oktyabr 2012 14:15 (UTC +04:00)
Millət vəkili Gülər Əhmədova ilə bağlı məsələ MSK-nın bu barədə qərarından sonra parlamentin müzakirəsinə çıxarılacaq.
Gülər Əhmədova ilə bağlı məsələ Milli Məclisdə MSK-nın qərarından sonra müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Millət vəkili Gülər Əhmədova ilə bağlı məsələ MSK-nın bu barədə qərarından sonra parlamentin müzakirəsinə çıxarılacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, prosedur qaydalara görə, Milli Məclisdə millət vəkilinin deputatlıqdan imtina etməsi barədə müraciətə MSK-nın qərarından sonra baxılır.

YAP rəsmisi Əhmədovanın Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılması barədə məlumatı təkzib edib və bildirib ki, o, YAP-ın üzvü olaraq qalır.

"Gülər Əhmədova partiyanın Siyasi Şurasının üzvü deyil, sıravi üzvdür. Onun üzvlükdən kənarlaşdırılması partiyanın ilk təşkilatının qərarından asılıdır", - millət vəkili deyib.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Bundan sonra Əhmədova deputat mandatından könüllü imtina etməsi ilə bağlı Milli Məclisə müraciət edib.

Xəbər lenti

Xəbər lenti