...

İlham Əliyev Bərdədə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olub (FOTO)

Siyasət Materials 7 Oktyabr 2012 17:20 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olmuşdur.
İlham Əliyev Bərdədə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, parkda tikinti işlərinə bu ilin martında başlanılmış, iyunda başa çatdırılmışdır. Ən yüksək standartlar səviyyəsində salınan parkın ərazisi iki hektardır. Parkda tikilmiş yay konsert səhnəsində açıq havada rayon əhəmiyyətli müxtəlif tədbirlər və mədəni proqramlar təşkil olunacaqdır.

Parkın ərazisindəki uşaq incəsənət məktəbinin fasadı yenidən qurulmuş, binanın qarşısında tanınmış musiqiçilərin heykəlləri qoyulmuşdur.

Prezident İlham Əliyev parkda yeni inşa olunmuş Bayraq Meydanı ilə tanış oldu. Bayraq dirəyinin hündürlüyü 85 metrdir. Bu da dövlət bayrağının şəhərin hər yerindən görünməsinə şərait yaradır.

Ən müasir işıqlandırma sisteminin quraşdırıldığı parkda yeni fəvvarə inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmış, dekorativ ağac və bəzək kolları əkilmişdir. Burada bulaq kompleksləri yaradılmışdır. Parkda quraşdırılmış böyük monitorda kütləvi-mədəni tədbirlər zamanı müxtəlif videogörüntüləri izləmək mümkün olacaqdır.

Mərkəzi istirahət parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, rəsm qalereyasının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və şəhər bələdiyyəsinin binalarının fasadlarında yenidənqurma işləri aparılmışdır. Parkda istirahət guşələri yaradılmış, 40-dan çox müasir oturacaq qoyulmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, ətrafdakı binalarda əsaslı təmir işləri aparılmışdır. Parkın ətrafı milli memarlıq üslubunda tikilmiş 800 metr uzunluğunda hasarla əhatələnmişdir. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyev burada Bərdə rayonunda aparılan abadlıq və quruculuq işlərini, həyata keçirilməsi nəzərdə tutulan tədbirləri, eləcə də Heydər Əliyev parkının layihəsini əks etdirən stendlərə baxdı.

Xəbər lenti

Xəbər lenti