Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir T.Cəfərov/
İranda gələn il keçiriləcək prezident seçkilərində namizədlərin debatı televiziyadan canlı yayımlanmayacaq. Bunu İran Parlamentinin Şuralar üzrə komissiyasının sədri Əmir Xocəstə deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.
Xocəstə bildirib ki, Şuralar üzrə komissiyanın bazar günü keçirilən iclasında qərara alınıb ki, gələcək prezident seçkilərində namizədlərin debatları televiziyadan canlı olaraq yayımlanmasın. Öncədən çəkilişlər aparılsın və daha sonra yayımlansın.
İranda prezidentliyə namizədlərin debatları ilk dəfə 2009-cu ildə keçirilən prezident seçkilərində canlı yayımlanmışdı.
İranda sonuncu prezident seçkiləri 2009-cu il iyunun 12-də keçirilib. 2005-ci ildə ilk dəfə prezident seçilən hazırkı dövlət başçısı Mahmud Əhmədinejad 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkilərində yenidən qalib elan edilib. Onun rəqibləri olan "Yaşıl Hərəkat"ın başçıları Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkinin saxtalaşdırıldığını iddia edərək əhalini kütləvi etiraz aksiyaları keçirməyə çağırıb və həmin aksiyalar zamanı müxalifət liderləri ilə yanaşı, "Yaşıl Hərakat"ın onlarla üzvü həbs edilib.
İranda XI çağırış prezident seçkiləri 2013-cü ilin iyun ayında keçiriləcək.