Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir M.Əliyev/
ABŞ-ın İllinoys ştatı gələcəkdə informasiya texnologiyaları sahəsində Azərbaycanın təcrübəsindən bəhrələnə bilər. Trend-in məlumatına görə, bu barədə İllinoys ştatının Nümayəndələr Palatasının sədri Maykl Jozef Madiqan bazar ertəsi Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə bildirib.
Madiqan görüşdə Azərbaycanın sürətli inkişafını, neft gəlirlərinin yeni sahələrə, xüsusən də informasiya texnologiyalarına yönəldilməsini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan hökumətinin informasiya texnologiyaları ilə bağlı xüsusi layihələr hazırlaması və həyata keçirməsi təqdirəlayiqdir.
Görüşdə spiker Oqtay Əsədov bildirib ki, bu gün ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur. O qeyd edib ki, ABŞ-ın İllinoys ştatı ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı da ümumi maraqlarımıza xidmət edir.
"Bu gün Milli Məclisdə ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İstərdik ki, ABŞ-ın ayrı-ayrı ştatları, eləcə də İllinoys ştatının parlamenti ilə də qarşılıqlı şəkildə belə dostluq qrupları yaradılsın", - Əsədov deyib.
Söhbətdə qarşılıqlı səfərlərin təşkili, parlamentlərarası əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Səməd Seyidov, qrupun üzvü Asim Mollazadə və digər rəsmi şəxslər iştirak ediblər.