Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində xatirə gecəsi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə Böyük Britaniya ictimaiyyətinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatları, o cümlədən Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Hava Yolları və Azərbarycan Respublikası Dövlət Neft Şirkətinin Londondakı nümayəndələri, eləcə də Azərbaycan Evi və Avropa-Azərbaycan Cəmiyyətinin rəhbərliyi və üzvləri, azərbaycanlı tələbələr, səfirliyin əməkdaşları iştirak ediblər.
Xatirə gecəsi Heydər Əliyevin səfirliyin binasında yerləşən büstü önünə əklilin qoyulması və ümummilli liderin xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfir Fəxrəddin Qurbanov ümummilli liderin həyat yoluna və siyasi fəaliyyətinə nəzər yetirib, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən söz açıb. Səfir ötən əsrin 90-cı illərində dövlətçiliyimizin qorunub saxlanması, ölkəmizin dünya birliyində özünə layiqli yer tutması, eləcə də davamlı iqtisadi inkişafın təmin olunmasının onun siyasi uzaqgörənliyi sayəsində mümkün olduğunu nəzərə çatdırıb. O, Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirib və xidmətlərinin heç zaman unudulmayacağını vurğulayıb.
Tədbirdə, həmçinin ümummilli liderin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib.