...

Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əlaqələr müzakirə edilib

Siyasət Materials 17 Yanvar 2013 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə katibinin siyasi məsələlər üzrə baş köməkçisinin müavini, xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müxtəlif sahələr üzrə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafını qeyd edən nazir hərbi əməkdaşlıq sahəsində də əldə edilən müsbət nəticələrdən söhbət açıb.

Görüş zamanı müdafiə sahəsindəki əlaqələr barədə də geniş fikir mübadiləsi aparılıb. Nazir regionda hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin səbəbləri haqqında qonağı məlumatlandırıb.

Nazirin sözlərinə görə, münaqişənin həll olunmaması bütövlükdə bölgədəki vəziyyəti təhlükə altında saxlayır.

Görüş zamanı xanım Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakından və terrorizmə qarşı mübarizədə birgə fəaliyyətindən məmnunluğunu qeyd edərək, ABŞ-ın bundan sonra da bir sıra vacib məsələlərdə Azərbaycanla strateji əməkdaşlığı davam etdirmək niyyətində oldugunu vurğulayıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti