...

Aktauda 20 yanvar şəhidlərinin xatirəsi yad edilib

Siyasət Materials 20 Yanvar 2013 16:50 (UTC +04:00)
Bazar günü Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə 20 yanvar şəhidlərinin anım mərasimi keçirmişdir.
Aktauda 20 yanvar şəhidlərinin xatirəsi yad edilib

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Bazar günü Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyəti ilə birgə 20 yanvar şəhidlərinin anım mərasimi keçirmişdir. Bu barədə Trend-ə konsulluqdan məlumat verilib.

Mərasimdə, Manqistau vilayətində yaşayan çox saylı soydaşlarımızla yanaşı vilayətin tanınmış ziyalıları, müharibə və əmək veteranları, vilayətdə fəaliyyət göstərən digər diasporaların üzvləri, qəzet və televiziya nümayəndələri iştirak etmişlər.

Tədbirlə bağlı zalda 20 yanvar faciəsi ilə bağlı foto stend və kitabların sərgisi təşkil olunmuşdu.

Tədbirin əvvəlində 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğun konsulu Elxan Zeynalov çıxış edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar faciəsinin baş vermə səbəbləri haqqında məlumat verdi. 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirərək, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd etdi.

Manqistau vilayətindəki azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin sədri, professor Yusif Quliyev və cəmiyyətin müavini həkim Vaqif Əliyev, cəmiyyətin üzvləri istefada olan mayor Bəxtiyar Məsimov, şair Rövşən Həsənov, Udin cəmiyyətinin sədri Voroşil Makarov və digər diaspora üzvləri çıxışlar edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd etdilər.

Mərasimin sonunda 20 Yanvar şəhidlərinin ruhuna dualar oxundu və Azərbaycan disaporunun fəal üzvlərindən olan, iş adamı Məmmədov Mikayıl tərəfindən şəhidlərin ruhuna ehsan verildi.

20 Yanvar faciəsi ilə bağlı 19-20 yanvar 2013-cü il tarixlərində Baş konsulluğun konsul dairəsinə daxil olan Atırau, Aktyubinsk və Qərbi-Qazaxıstan vilayətlərində fəaliyyət göstərən azərbaycanlıların diaspora təşkilatları tədbirlər keçirmişlər. Baş konsulluq tərəfindən vilayətlərdəki diaspor təşkilatlarımız lazım olan təbliğat materialları və filmlərlə təmin olunmuşlar.

Xəbər lenti

Xəbər lenti