...

Ombudsman: Ermənistan terroru öz dövlət siyasətinin tərkib hissəsinə çevirib

Siyasət Materials 28 Mart 2013 13:01 (UTC +04:00)
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman: Ermənistan terroru öz dövlət siyasətinin tərkib hissəsinə çevirib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzü dünya münaqişələri tarixində beynəlxalq hüquq normaları və aktlarının ən çox və kobud surətdə pozulması faktlarından olaraq zaman-zaman təkrarlanan bir əməl olduğu bildirilir.

Bəyanatda deyilir ki, iki əsrdən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşmiş, soydaşlarımızın insan hüquqları kobudcasına, kütləvi surətdə pozulub. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olub.

XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.

Sənəddə göstərilir ki, keçmiş Sovet İttifaqının dağılması ərəfəsində yaranmış xaosdan istifadə edən Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal edib, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycanda törətdikləri milli qırğınla bağlı tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.

Bəyanatda qeyd edilir ki, bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Həmin il martın 30-da erməni-bolşevik birləşmələrinin Bakını gəmilərdən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca 31 mart və 1-2 aprel tarixlərində qırğınlar kütləvi şəkil alıb, silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetiriblər.

Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı qəddarlıqla öldürülüb, məscidlər, məktəb binaları yandırılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, Cümə və Təzəpir məscidlərini, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar.

Təkcə Quba qəzasında erməni hərbi hissələri 122 kəndi yandırıb, 60 kişi, qadın və uşağı qətlə yetirib, 53 nəfər isə yaralanıb.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu və onların xatirəsinə ehtiram əlaməti olaraq hazırda Quba soyqırımı muzeyi yaradılmaqdadır.

Sənəddə bildirilir ki, beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Ombudsman bəyanatında qeyd edir ki, Ermənistan indi də dünyanın nadir ölkələrindəndir ki, terroru öz dövlət siyasətinin tərkib hissəsinə çevirib. 1918-ci il Mart qırğınları və törədilmiş digər soyqırımları zamanı yüz minlərlə azərbaycanlının qatili olmuş şəxslər bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə yüksəldilib, onların xatirəsinə abidə-komplekslər ucaldılıb.

Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə, BMT Baş Məclisi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnamə, AŞ PA Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 və 1690 saylı Qətnamə və Tövsiyə qəbul etsə də, Ermənistan bunları hələ də yerinə yetirmir.

Halbuki bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi tanınıb, birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunub. Ümummilli lider, mərhum Prezident Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan edilib. Artıq on beş ildir ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir. Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımını həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağımızı dəfələrlə bəyan edib.

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində, xüsusilə tərəflər arasında etimadın qurulması sahəsində daha fəal iştirak etmək istəyini dəfələrlə bəyan edib.

ABŞ-dakı Azərbaycan və türk diasporlarının nümayəndələri 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bu ölkənin Konqresinə müraciət ünvanlayıb, həmin günün yad edilməsi üçün dəstək verməyi və dünya ictimaiyyətini bu istiqamətdə geniş məlumatlandırmağı xahiş ediblər.

Bu günlərdə ABŞ-ın Nyu-Cersi ştatının Dövlət Assambleyası 31 Mart - azərbaycanlıların soyqırımının 95 illiyi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə 1918-ci ilin martında on minlərlə dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrin insanlıq tarixində ən çox qınanılmalı vəhşiliklərdən olduğu vurğulanıb. Bu qətnaməyə əsasən, martın 31-i soyqırımına məruz qalmış Azərbaycanlıların Anım Günü elan edilib. Xatırladaq ki, ötən ilin martında Nyu-York Senatı da azərbaycanlıların soyqırımını tanımışdı.

Ombudsman bəyanatında deyir: "Bir daha bəyan edirik ki, bu soyqırımı insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunub. Ümidvarıq ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaqdır.

Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımı törətmiş Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanıram. Ümid edirəm ki, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə böyük səylər göstərəcəklər".

Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti