...

Ziyafət Əsgərov: Ermənistan ölkədəki vəziyyətdən diqqəti yayındırmaq üçün təxribata əl atır

Siyasət Materials 29 Mart 2013 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

Rəsmi Bakının kəskin bəyanatlarından sonra əgər Ermənistan bir daha Azərbaycanın işğal olunmuş ərazilərinə uçuşlar həyata keçirmək fikrində qalırsa, onda sözsüz ki, bu yalnız təxribatdır.

Bu barədə Trend-ə Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Ermənistan Mülki Aviasiyası Baş İdarəsinin Azərbaycanın işğal edilmiş ərazilərinə mülki təyyarələrin uçuşuna icazə verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Parlamentin birinci vitse-spikerinin fikrincə, Ermənistan hakimiyyəti bu cür bəyanatlarla öz ölkəsinin vətəndaşlarının diqqətini daha vacib məsələlərdən yayındırmağa çalışır.

"Ermənistanda bu yaxınlarda prezident seçkiləri keçirilib və bu seçkilər çox böyük saxtakarlıqlarla müşayiət olunub. Serj Sarqsyan qeyri-legitim prezidentdir. Ermənistanda həm prezident seçkilərinin saxtakarlıqla keçirilməsi, həm ölkədə social-iqtisadi durumun acınacaqlı vəziyyətdə olması ölkədə gərginliyi artırıb. Bütün bunlardan diqqəti yayındırmaq üçün Ermənistan yenə təxribata əl atır ki, əhalinin diqqətini Qarabağ cəbhəsinə yönəltsin və bununla da ömrünü uzatsın. Bu təxribatın ömrü sözsüz ki, uzun ola bilməz. Əvvəl-axır bu hakimiyyət Ermənistanı niyə bu vəziyyətə gətirib çıxardığına görə öz xalqı qarşısında bir çox suallara cavab verməlidir. Nə üçün seçkilər saxta keçirilir? Nə üçün ölkə inkişaf etmir? Nə üçün minlərlə insan ölkəni tərk edir? Hakimiyyət bütün bunlara görə cavab verməlidir. Ona görə də bunlardan diqqəti yayındırmaq üçün belə provokasiyalara əl atırlar, təxribatçı bəyanatlar verirlər, cəbhədə gərginlik yaradırlar", Əsgərov bildirib.

Milli Məclis sədrinin birinci müavininin sözlərinə görə, amma Azərbaycanın da bununla bağlı möhkəm iradəsi və qətiyyəti var. Azərbaycan birmənalı olaraq, Xocalı aeroportu ilə bağlı mövqeyindən geri çəkilməyəcək və heç zaman yol verməyəcək ki, Xocalıdakı aeroport Azərbaycanın icazəsi olmadan fəaliyyət göstərsin.

"Beynəlxalq Mülki Aviasiya Təşkilatının Çikaqo sazişinə əsasən, həmçinin Azərbaycanın "Mülki aviasiya haqqında" qanununun tələblərinin icrası ilə əlaqədar Azərbaycan ərazisindən qanunsuz uçuşların qarşısı alınır. Azərbaycanın icazəsi olmadan ölkənin hava məkanından uçan istənilən xarici dövlətin təyyarəsi Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulacaq. Bu, birmənalı qərardır və biz bunu artıq dəfələrlə bəyan etmişik. Burada söhbət tanınmamış əraziyə həyata keçiriləcək uçuşlardan gedir. Bu, fərqli haldır. Ora yalnız Azərbaycan rəsmi icazə verdikdən sonra uçuşlar həyata keçirilə bilər. Bu isə yalnız Azərbaycanın işğal altında olan əraziləri azad olunduqdan sonra mümkündür", - vitse-spiker qeyd edib.

Qeyd edək ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, Ermənistan Mülki Aviasiyası Baş İdarəsi Azərbaycanın işğal edilmiş ərazilərinə mülki təyyarələrin uçuşuna icazə verəcək. Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Artyom Movsisyan konkret tarix bildirməsə də, onun sözlərinə görə, uçuşları Ermənistanın 19 yerli təyyarəsi həyata keçirəcək və uçuş müddəti 45-50 dəqiqə təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti