Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/
Türkiyənin Ermənistanla sərhədlərini açması yalnız Azərbaycanla razılaşdırıldıqdan sonra ola bilər. Bunu Bakıda Trend-in suallarını cavablandıran Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlər çox özəldir və Türkiyə Ermənistanla sərhədlərini birtərəfli qaydada aça bilməz.
"Türkiyə ilə Azərbaycan arasında ayrı münasibət var. Bunu böyük lider Heydər Əliyev kimi gözəl ifadə edən ikinci bir adam yoxdur: "Bir millət, iki dövlət". Türkiyənin Ermənistanla sərhədləri açması təktərəfli qaydada ola bilməz. Bu, Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycanla münasibətlər baxımından son dərəcə önəmlidir. Bu sərhəd mən hələ xarici işlər naziri olarkən açıq idi. Lakin Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal etməyə başlayanda sərhədləri bağladıq. İndi o ərazilərin işğalı davam edərkən sərhədlərin açıla biləcəyini düşünmürəm. Türkiyənin Ermənistanla sərhədlərini açması yalnız Azərbaycanla razılaşdırıldıqdan sonra ola bilər. Türkiyədə Azərbaycana zərər verə biləcək hər hansı qərar qəbul edilə bilməz", - Çətin qeyd edib.
Türkiyənin Van vilayətindən İrəvana hava reyslərinin açılması ilə bağlı məsələyə gəlincə, sabiq nazir hesab edir ki, bu özəl bir şirkətin qərarıdır və Türkiyə hökumətinin siyasəti deyil.
"Türkiyə açıq ölkədir və özəl şirkətlər istədiyi qərarları verə bilərlər. Amma bu məsələnin Azərbaycanı narahat etdiyini görüncə, həmin qərarı ləğv etdilər", - sabiq nazir bildirib.
Onun fikrincə, bu bölgədə mütləq sülh yaradılmalıdır. Lakin bu sülh beynəlxalq hüquqa və BMT-nin qərarlarına uyğun olmalıdır.
"Dağlıq Qarabağ problemi mərhələlərlə həll edilməlidir. İlkin mərhələdə ən azından Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş 5 rayon boşaldılmalıdır. Bu xoşniyyətliliyə və problemin həllində irəliləyişə bir işarə olardı", - Çətin deyib.