...

Azərbaycan və Çin arasında hüquqi əməkdaşlıq inkişaf edir

Siyasət Materials 26 Aprel 2013 18:46 (UTC +04:00)
Aprelin 26-da Baş prokuror Zakir Qaralov ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikasının ədliyyə nazirinin müavini Canq Sucunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan və Çin arasında hüquqi əməkdaşlıq inkişaf edir

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Aprelin 26-da Baş prokuror Zakir Qaralov ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikasının ədliyyə nazirinin müavini Canq Sucunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və Çin Xalq Respublikaları arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdıran Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər, mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının müasirləşdirilməsi üçün görülən işlər barədə ətraflı məlumat vermişdir.

Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokurorunun aprel ayının əvvəllərində ölkəmizə səfər etdiyini və hər iki dövlətin prokurorluq orqanları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayan Baş prokuror ədliyyə nazirlikləri arasında yenicə imzalanmış əməkdaşlıq haqqında sazişin əlaqələrimizin daha da inkişaf etməsində mühüm rol oynayacağını bildirmişdir.

Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edən Canq Sucun ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığının inkişafı üçün yeni bir səhifə açıldığını bildirmiş, məhkəmə-hüquq islahatları nəticəsində əldə edilmiş uğurlar yüksək qiymətləndirilməklə, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulamışdır.

Görüş zamanı dövlətlərimizin beynəlxalq təşkilatlar, o cümlədən Çinin təşəbbüsü ilə yaradılmış dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarını birləşdirən nüfuzlu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası çərçivəsində faydalı əməkdaşlıq etdikləri diqqətə çatdırılmış və Azərbaycanın Assosiasiyanın işində fəal iştirakı yüksək dəyərləndirilmişdir.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti