Azərbaycan, Bakı, 3 may /Trend, müxbir S.Ağayeva/
Mayın 3-də xarici işlər naziri Elmar Məmmədyarov Hindistana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Salman Xurşid ilə görüşüb.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hindistanın xarici işlər naziri azərbaycanlı həmkarını salamlayıb və ona Hindistana rəsmi səfər etdiyi üçün təşəkkürünü bildirib.
Hindistan XİN rəhbəri səfərin ikitərəfli münasibətlərin gələcək inkişafına töhfə verəcəyini qeyd edərək Hindistanın Azərbaycanla hərtərəfli əməkdaşlığa önəm verdiyini nəzərə çatdırıb.
Salman Xurşid bildirib ki, dinamik iqtisadi inkişafa nail olaraq, beynəlxalq arenada nüfuzunu artıran Azərbaycan Asiya üçün də əhəmiyyətli dövlətdir. O, Azərbaycanı "Asiyanın Qərbə açılan qapısı" kimi gördüklərini vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Hindistanla ticarət, enerji, informasiya texnologiyaları və hava nəqliyyatı sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
İkitərəfli müqavilə-hüquq bazasını genişləndirməyə ehtiyac olduğunu bildirən nazir bunun ikitərəfli əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verən Elmar Məmmədyarov Ermənistanın öz işğalçı siyasətini davam etdirdiyini, BMT Təhlüksəzilik Şurasının müvafiq qətnamələrinin tələblərinə əməl etmədiyini və işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çıxarmadığını vurğulamışdır.
Görüşdə, həmçinin beynəlxalq gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparılmış və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Görüşün sonunda Azərbaycan Respublikası və Hindistan Respublikasının Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.