Azərbaycan, Bakı, 20 iyul /Trend/
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Hacıqabul rayonuna və Şirvan şəhərinə səfər edib.
Trend Cənub TV-yə istinadən məlumat verir ki, səfər çərçivəsində YAP fəalları ilə görüşən icra katibi oktyabr ayında keçiriləcək prezident seçkilərində qarşıda duran əsas vəzifələrdən danışıb, fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Ə.Əhmədov YAP-ın ölkəmizin sosial-iqtisadi inkişafındakı xidmətlərindən danışaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən 10 il ərzində respublikamızın bütün sahələrində uğurlu islahatlar həyata keçirilir.
Ölkəmizin iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildiyini, regional və beynəlxalq nüfuzunun artdığını, əhalinin rifah halının yaxşılaşdığını diqqətə çatdıran icra katibi, gələcək 5 ildə Azərbaycanın daha da inkişaf edəcəyinə inanaraq, əhalinin YAP-ın sədri İlham Əliyevin namizədliyini dəstəklədiyini və seçkilərdə fəal iştirak edərək ona səs verəcəklərinə inandığını əminliklə vurğulayıb.
Daha sonra YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov çıxış edərək görülən işlər və qarşıda duran əsas vəzifələrdən danışıb. Bildirib ki, partiya fəalları rayonun ictimai-siyasi və mədəni həyatının bütün sahələrində fəal iştirak edirlər.
Ə.Əhmədovun YAP fəalları ilə növbəti görüşü Şirvan şəhərində baş tutub.
Tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov partiyanın keçdiyi çətin və şərəfli yoldan və qarşıda duran əsas vəzifələrdən danışıb. Bildirib ki, partiya fəalları şəhərin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində fəal iştirak edirlər.
Tədbirdə çıxış edən YAP-ın icra katibi ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan danışaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində yüksək nailiyyətlər qazanılıb.
Tədbirin sonunda çıxış edən YAP üzvləri qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini müdafiə edəcəklərini birmənalı olaraq bəyan ediblər.