Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının fəalları ilə görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə çıxış edən partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, YAP ölkənin ən güclü siyasi partiyasıdır: "Hakim partiyanın çoxsaylı görüşlərində də bütün Azərbaycan ictimaiyyəti, cəmiyyəti, xalqı, seçicisi İlham Əliyevin 10 ildə gördüyü işləri bəyənir, dəstəkləyir və dahi şəxsiyyət ulu öndər Heydər Əliyev siyasətinin davamlı olmasını istəyir. Beləcə, insanlar İlham Əliyevin yenidən prezidentliyə namizəd olmasını arzulayırlar. Bu, YAP-ın 600 minlik üzvünün qərarıdır".
S.Novruzov qeyd edib ki, bəzi qüvvələr, nədənsə Azərbaycanın inkişafını görmür və buna biganə yanaşır: "Yeni Azərbaycan Partiyası yarananda ölkədə vəziyyət çox ağır idi. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra bu problem aradan qaldırıldı. Artıq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Dünya əhəmiyyətli beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artan iqtisadi gücündən xəbər verir".
Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyaya nümunə olaraq jurnalistləri evlə təmin edib: "Təbii ki, bunu gözü götürməyən ermənipərəst qüvvələr var. Onlar da Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edir".
Tədbirin sonunda isə partiya sıralarına yeni daxil olmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.