...

Azərbaycanda qeydə alınan prezidentliyə namizədlərin sayı 7 oldu (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Sentyabr 2013 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha dörd nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədirliyi ilə keçirilən iclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

İclasda qeyd olunub ki, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim olunan 44,286 imzadan 8,186-sı etibarsız hesab olunduğundan Fuad Əliyev üçün toplanan imzaların yoxlanması prosesi dayandırılıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar aşkar olunmayıb.

İclasda, həmçinin bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər edilib.

M.Pənahov qeyd edib ki, AŞ PA-nın seçkiləri müşahidə missiyası 15-ə qədər qrupa bölünərək ölkə üzrə bütün seçki dairələrini əhatə edəcək. Sədr deyib ki, onlar üçün bütün şərait yaradılıb: "Çalışırıq ki, bütün məsələləri yüksək səviyyədə həyata keçirək".

M.Pənahov, həmçinin KİV nümayəndələrini seçki prosesinin işıqlandırılması prosesində aktiv olmağa və KİV rəhbərlərini bu prosesi nəzarətdə saxlamağa çağırıb.

O, əlavə edib ki, beynəlxalq müşahidəçilər də daxil olmaqla ölkə üzrə müşahidə üçün 2395, konkret dairə üzrə isə 7902 müraciət daxil olub.

Qeyd edək ki, namizədlər seçki sənədlərini avqustun 20-dən etibarən təqdim etməyə başlayıblar.

Xatırladaq ki, 22 nəfər prezidentliyə namizədliklərinin təsdiq olunması üçün seçki sənədlərini MSK-ya təqdim edib. Onlardan bir nəfərinin namizədliyinin təsdiq olunmasından imtina edilib, digər 21 nəfərin isə prezidentliyə namizədliyi təsdiq olunub.

14 namizəd namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya qaytarıb, digər 7 nəfər isə sənədləri MSK-ya qaytarmayıb. MSK-nın əvvəl keçirilən iclaslarında Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri İqbal Ağazadənin və öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Orucun namizədliyi qeydə alınıb.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti