...

Məzahir Pənahov: Seçkiyə hazırlıq mərhələsi tam olaraq yekunlaşıb

Siyasət Materials 8 Oktyabr 2013 17:04 (UTC +04:00)
Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində 5 milyon 145 min nəfərdən çox seçici 5 min 492 seçki məntəqəsində səs verəcək.
Məzahir Pənahov: Seçkiyə hazırlıq mərhələsi tam olaraq yekunlaşıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində 5 milyon 145 min nəfərdən çox seçici 5 min 492 seçki məntəqəsində səs verəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Müstəqil Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, onlardan 219-u müvəqqəti qurulan məntəqədir.

M.Pənahov qeyd edib ki, namizədlərə pulsuz efir vaxtının verilməsindən və dövlət qəzetlərində pulsuz təbliğatdan ictimaiyyətin namizədlərlə tanış olması üçün çox effektli istifadə olundu.

MSK sədri bildirib ki, seçkilərin beynəlxalq standartlara uyğun olaraq şəffaf keçirilməsi təmin ediləcək: "Hər məntəqəyə təxminən 10 nəfər müşahidəçi düşür. Seçkilərə cəlb olunmuş bütün dövlət qurumlarına yüksək səviyyədə treninqlər keçirilib".

Müşahidəçilərin ümumi sayının 52 min olduğunu deyən sədr beynəlxalq müşahidəçilərin sayı 1400 nəfərə yaxın olduğunu bildirib. Yerli KİV nümayəndələri üçün qeydiyyat tələb olunmadığını deyən M.Pənahov əlavə edib ki, seçkiyə hazırlıq mərhələsi tam olaraq yekunlaşıb.

M.Pənahov həmçinin adı seçici siyahısında olmayan vətəndaşları narahat olmamağa çağırıb: "Dünyanın heç bir yerində ideal seçici siyahısı yoxdur. Adı seçici siyahısında olmayan seçici məntəqəyə gələrək, müvafiq sənədini göstərir, onun adı əlavə seçici siyahısına daxil edildikdən sonra bülletenlə təmin olunur və həmin vətəndaş səsvermədə iştirak edir. Əvvəlki seçkilərdə gözdən əlil olanlar üçün trafaretlər hazırlayıb məntəqələrə paylayırdıq. İndi isə ilk dəfə olaraq ayaqdan əlil seçicilər üçün şərait yaradılıb. Həmçinin, ilk dəfə olaraq Həcc ziyarətgahında məntəqə təşkil etmişik, orada seçicilərimiz rahat səs verə biləcəklər. Bu, Səudiyyə Ərəbistanı praktikasında da ilk belə təcrübə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti