Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir T.Cəfərov/
İran və Türkiyə regionun önəmli və təsiredici gücə malik ölkələridir və bu iki ölkənin əməkdaşlığı müsəlman dövlətlərinin problemlərinin həllində çox əhəmiyyətlidir. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin spikeri Əli Laricani Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəklə görüşündə deyib.
Məlumata əsasən, Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqı Konfransının 9-cu sessiyası çərçivəsində baş tutan görüşdə İran və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Ə.Laricani bildirib ki, Türkiyə İran üçün dost və qardaş ölkədir: "İkitərəfli əlaqələrin inkişafı və regional məsələlərdə İran və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi və məsləhətləşmələrin aparılması zəruridir".
C.Çiçək öz növbəsində qeyd edib ki, Türkiyənin xarici siyasətində İranla əlaqələrin hərtərəfli inkişaf etdirilməsi proritet məsələlərdəndir. O, hazırda regionda çox mürəkkəb vəziyyətin yarandığını və iki ölkənin regiondakı problemlərin həlli yollarını tapmaq məqsədi ilə məsləhətləşmələr aparmasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, İƏT Parlament İttifaqı Konfransının 9-cu sessiyası fevralın 18-də Tehranda öz işinə başlayıb. Bu gün başa çatacaq sessiyada 47 ölkədən nümayəndə heyəti, o cümlədən 26 parlament sədri iştirak edir.