...

Səfir Aleksandr Mişenko: Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə edilmir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Fevral 2014 11:43 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkədəki vəziyyətə həsr edilmiş mətbuat konfransında deyib.
Səfir Aleksandr Mişenko: Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə edilmir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir S.Ağayeva/

Ukraynada ölkənin ərazi bütövlüyü məsələsi müzakirə olunmur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkədəki vəziyyətə həsr edilmiş mətbuat konfransında deyib.

Səfir bildirib ki, Krım Ukraynadan ayrılmaq məsələsini qaldırmır. Bu, Ukraynanın qərbi ilə şərqi arasında süni şəkildə formalaşdırılan qarşıdurmanın yeni modelidir: "Bu gün Ukraynada legitim hakimiyyət mövcuddur və yeni hökumət bu gün parlamentdə təsdiq olunacaq".

A.Mişenko deyib ki, Yanukoviçin siyasəti özünün və ailəsinin varlanmasına yönəlmişdi: "Son iki-üç ay ərzində yerli hakimiyyət idarəçiliyi, eləcə də səfirlik maliyyələşdirilmirdi".

Səfir qeyd edib ki, Ukraynanın Rusiya ilə həmişə yaxşı münasibətləri olub və Kiyev ümid edir ki, bu münasibətlər bundan sonra da davam edəcək və dəyişməyəcək.

Diplomatın sözlərinə görə, bu gün Ukraynadakı siyasi qüvvələr bütün xalqlara və millətlərə tamamilə tolerant münasibət göstərdiklərini bəyan edirlər.

A.Mişenko qeyd edib ki, bəzi ölkələrin maraqları Ukraynada toqquşur. Lakin o, dünyanın bəzi kütləvi informasiya vasitələrinin Krımdakı hadisələrdə Moskvanın və ya Ankaranın əli olduğu barədə yaydığı xəbərləri təkzib edib: "Rusiya ilə də, Türkiyə ilə də münasibətlər həmişə yaxşı olub, onlar Ukraynanın strateji tərəfdaşlarıdır və biz həmin ölkələri Ukraynada baş verənlərə görə günahlandıra bilmərik".

Səfir Krımdakı vəziyyətlə bağlı hadisələrin bunda maraqlı olan qüvvələrin işi olduğunu qeyd edib. Bununla yanaşı, diplomat həmin qüvvələrin mənşəyini göstərməyib.

A.Mişenko əlavə edib ki, Avropaya inteqrasiya kursu ölkənin xarici siyasətinin əsas xəttidir və yeni hökumət bu prosesin sürətləndirilməsi üçün əlindən gələn hər şeyi edəcək.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları nəticəsində prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşması aparılır və növbədənkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti