...

Səməd Seyidov: AŞ PA-nın dəyərlərinə sadiq qalmaq istəyiriksə, Azərbaycan ərazilərinin işğalı məsələsinə də qayıtmaq lazımdır

Siyasət Materials 10 Aprel 2014 15:42 (UTC +04:00)
"Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə sadiq qalmaq istəyiriksə, Azərbaycan ərazilərinin işğal olunması məsələsinə də qayıtmaq lazımdır".
Səməd Seyidov: AŞ PA-nın dəyərlərinə sadiq qalmaq istəyiriksə, Azərbaycan ərazilərinin işğalı məsələsinə də qayıtmaq lazımdır

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Məhərrəmli/

"Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə sadiq qalmaq istəyiriksə, Azərbaycan ərazilərinin işğal olunması məsələsinə də qayıtmaq lazımdır". Trend-in məlumatına görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın dördüncü iş günündə Monitorinq Komitəsinin məruzəçisi, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) tərəfindən hazırlanan "Əsaslı səbəblərə görə Rusiyanın qurumda nümayəndə heyətinin artıq təsdiq olunmuş səlahiyyətlərinə yenidən baxılması" adlı hesabat ətrafında çıxışında deyib.

S.Seyidov bildirib ki, bu gün Assambleya çox önəmli bir vəziyyətlə üz-üzədir: "Bizim qaldırdığımız bütün suallar və məsələlərdə uyğunluq və məntiq olmalıdır. Təəssüf ki, mənə elə gəlir ki, bizim Assambleyada etdiyimiz və bundan sonra edəcəklərimizin əsası ikili standartlar və məntiqzislik səbəbindən ciddi təsirə məruz qalır. Biz AŞ-nin tamhüquqlu üzvüyük. Biz bundan əvvəl də izah etməyə çalışırdıq ki, Azərbaycanın torpaqları işğal altındadır və onun ərazisinin 20 faizi işğal olunub. Və bu ərazilərdə etnik təmizləmə aparılıb. Təəssüf ki, heç bir şey edilmədi. Bu faktlara münasibətdə heç kim reaksiya vermədi. Sadəcə, müzakirələr və dialoq aparmaq üçün dəvətlər oldu. Xanımlar və cənablar, biz məntiqli olmalıyıq. Haradadır məntiq? AŞ-nin digər üzvü olan Azərbaycanın ərazisi 20 ildir ki, işğal altındadır. Beynəlxalq ictimaiyyətin diqqətini baş verən cinayətlərə, işğala çəkmək səyləri heç bir yerə aparıb çıxarmadı".

O, qeyd edib ki, bu gün söhbət Rusiya Federasiyasını cəzalandırmaqdan gedir. Heç bir məntiq yoxdur. Halbuki AŞ üzvü olan Ermənistan artıq Azərbaycanın ərazisini işğal edib: "Əgər biz öz dəyərlərimizə sadiq qalmaq istəyiriksə, 20 ildir ki, burada qaldırılan Azərbaycan ərazilərinin işğal olunması məsələsinə qayıtmaq lazımdır. Əgər məntiqi və uyğun yanaşma olmasa, bizim bütün tədbirlər məntiqsiz və başa düşülən olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti