Azərbaycan, Bakı, 6 may /Trend/
NATO Beynəlxalq Qərargahında Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 20 illiyinə həsr olunmuş "Azərbaycan və NATO: sadiq tərəfdaşlığın 20 ili" mövzusunda seminar və fotosərgi keçirilib.
Аzərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, tədbir zamanı nümayəndəlik tərəfindən hazırlanmış Azərbaycanın NATO ilə əməkdaşlığının 20 illiyinə həsr olunmuş jurnalın təqdimatı keçirilib.
Seminarda Avropa Siyasi Mərkəzinin proqram icraçısı və siyasi təhlilçisi xanım Amanda Pol və Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Bəxtiyar Aslanbəyli çıxış ediblər.
Seminarda çıxış edən nümayəndəliyin əməkdaşları və ekspertlər Azərbaycanın NATO ilə münasibətlərdə sadiq tərəfdaş olduğunu və əməkdaşlığın strateji və praktiki səviyyədə inkişaf etdiyini bildiriblər.
Seminarda NATO Beynəlxalq Katibliyi, Hərbi Katibliyi, NATO üzv və tərəfdaş ölkələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və aparılan müzakirələr və şərhlər zamanı Azərbaycanın NATO ilə bir sıra sahələrdə aktiv və strateji tərəfdaş olduğu bildirilib.