Azərbaycan, Bakı, 30 may /Trend/
Xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Kristofer Pinçerin başçılıq etdiyi Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan nazir müavini Xələf Xələfov, Azərbaycanın parlamentlərarası münasibətlərə önəm verdiyini bildirmiş və bu baxımdan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkəmizə səfərini yüksək qiymətləndirərək, sözügedən səfərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini qeyd etmişdir.
Azərbaycanda gedən demokratik proseslər, aparılan islahatlar və ölkəmizin çoxşaxəli xarici siyasəti haqda qonaqlara ətraflı məlumat verən Xələf Xələfov, Azərbaycanın bütün ölkələrlə, o cümlədən qonşu ölkələrlə münasibətlərə xüsusi önəm verdiyini qeyd etmişdir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol haqqında danışan nazir müavini Xələf Xələfov regionda stabilliyin və davamlı inkişafın təmin olunmasına başlıca maneə kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin işğalı faktını göstərmişdir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətinin işğal altındakı torpaqlarımızın azad edilməsi olduğunu bildirən nazir müavini, bu istiqamətdə həyata keçirilən çoxşaxəli fəaliyyət haqqında məlumat vermiş, dünya dövlətlərinin, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin bu münaqişədə Azərbaycanın ərazi bütövlüyünə əsaslanan ədalətli mövqe nümayiş etdirməsinin zəruriliyini qeyd etmişdir.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer başçılıq etdiyi qrupun ölkəmizə səfərindən şad olduğunu bildirmiş və burada keçirdiyi görüşləri böyük məmnuniyyətlə qeyd etmişdir. Eyni zamanda Kristofer Pinçer sözügedən qrupun geniş tərkibli olmasını Azərbaycana olan böyük maraqla əlaqələndirmişdir. Britaniyalı qonaqlar Azərbaycanın inkişafından təsirləndiklərini və buradakı dini tolerantlığın nümunəvi olduğunu qeyd etmişdirlər.
Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.