Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Təmkin Cəfərov/
İranlı iş adamları üçün Azərbaycan vizası sadələşdirilib. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
M.Pakayinin sözlərinə görə, Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasında əldə olunan nəticələrdən biri də iranlı iş adamlarının və turistlərin Azərbaycan ərazisinə girişinin sadələşdirilməsi məsələsi idi.
Səfir bildirib: "İranın Ticarət Palatası və Xarici İşlər Nazirliyinin təqdimatı ilə iranlı tacirlər və iş adamlarına Azərbaycana səfər etmək üçün bir neçə dəfəlik viza veriləcək".
M.Pakayin əlavə edib ki, bu məsələ iki ölkənin ticari əlaqələrinin inkişafına təsir edəcək.
Diplomat qeyd edib ki, əldə olunmuş razılığa görə, iranlı turistlər üçün də güzəştlər tətbiq olunacaq. Belə ki, iranlı turistlər Naxçıvan MR-ə səfər etmək üçün elə sərhəd keçid məntəqələrindəcə viza ala bilərlər və onların viza üçün ödənişlərinin məbləği də aşağı salınıb.
2014-cü il avqustun 6-da Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib.