...

Prezident İlham Əliyev: Azərbaycan daxilində milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar

Siyasət Materials 29 Avqust 2014 23:35 (UTC +04:00)
Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar.
Prezident İlham Əliyev:  Azərbaycan daxilində milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin açılışından sonra rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün: "Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq. Siz də, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar da bax bu yolla getməlisiniz".

Dövlət başçısının sözlərinə görə, indi heç kəs üçün sirr deyil ki, müxtəlif fondlar vasitəsilə, müxtəlif ölkələrdə kütləvi iğtişaşların, qarşıdurmanın yaradılması üçün praktiki addımlar atılır: "Əgər 10 il bundan əvvəl bu, daha da məxfi formada aparılırdısa, hazırda artıq bütün maskalar yırtılıbdır, heç gizlətmirlər. Məqsəd də odur ki, təbii resurslarla zəngin, böyük potensiala, əlverişli coğrafi mövqeyə malik ölkələr təsir altına düşsün və başqasının diktəsi ilə hərəkət etsin, oturub-dursun. Bu isə o ölkələri məhvə aparır.

Biz yaxın tarixdən bunu bilirik. Bizim qonşuluğumuzda baş vermiş hadisələrin nələrə gətirib çıxardığı da gözümüzün qabağındadır. Bilin ki, Azərbaycan üçün də oxşar ssenarilər yazılmışdır. Sadəcə olaraq bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi ki, bu ssenarilər burada həyata keçirilsin və heç vaxt imkan verməyəcəyik.

Ona görə, siz gənclər bunu yaxşı bilməlisiniz və bizim gənclərimiz xarici dairələrin təsiri altına düşməməlidir. Xarici qüvvələr Azərbaycanın inkişafını bizdən artıqmı istəyirlər? Əlbəttə ki, yox. Onların maraqları başqadır və biz bilirik bunun səbəbi nədir. Onlar da bilirlər ki, bu, bizimlə keçməyəcək və sizinlə də keçməməlidir. Ona görə, siz də bu məsələləri daim diqqət mərkəzində saxlamalısınız".

İlham Əliyev vurğulayıb ki, Azərbaycana xaricdən heç bir yardım, kömək lazım deyil: "Lazım olanda onsuz da heç kim bizə kömək etməyib. Azərbaycan ağır vəziyyətdə olanda kim gəlib bizə kömək edib? Heç kim. Mənim yadımdadır, vaxt var idi ki, biz beynəlxalq qurumlardan kredit ala bilmirdik, vermirdilər kredit. Amma indi biz özümüz başqa ölkələrə kredit veririk. Yəni, bizim iqtisadi inkişafımız sırf Azərbaycan dövlətinin, hökumətinin uğurudur və aparılan siyasətin nəticəsidir. Ona görə bizə yardım etmək üçün heç kimə müraciət etməmişik və buna ehtiyac yoxdur. Amma yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da bunun xeyri olmayacaq. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı Azərbaycan xalqıdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər.

Ancaq biz bunu bilməliyik və siz də bunu bilməlisiniz. Ona görə biz ancaq gələcəkdə də öz gücümüzə güvənəcəyik. Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsasdır. Siz gənclər peşəkar, bilikli, həm fiziki, həm mənəvi cəhətdən sağlam olmalısınız və elə etməlisiniz ki, Azərbaycan daim inkişaf etsin və müstəqil ölkə kimi daim öz sözünü desin, formal olaraq yox, real. Çünki dünyada iki yüzdən çox müstəqil ölkə var. Bu ölkələrin hamısı müstəqil deyil. Elə götürək Ermənistanı. O ölkəyə müstəqil ölkə demək mümkün deyil. O bir koloniyadır, müstəmləkədir və qul psixologiyası ilə yaşayan Ermənistan iqtidarı ölkəni artıq tamamilə asılı vəziyyətə salıbdır. İnanmıram ki, erməni xalqının arzuladığı müstəqillik bu gün onları təmin edir. Hər bir xalq, insanlar kimi ölkələr də istəyir ki, müstəqil olsun, öz sözünü desin, heç kimdən asılı olmasın. İnsan üçün azadlıq ən böyük dəyərlərdən biridir. Hər kəs dünyaya azad gəlir və azad olmaq istəyir, təbii ki, qanun çərçivəsində. Ona görə real müstəqilliyi əbədi, dönməz etmək üçün sizdən çox şey asılıdır".

Prezident deyib ki, Azərbaycan gəncləri öz vətəninə bağlıdırlar, onlar ölkəmizin inkişafına böyük töhfə verirlər: "Mən sadəcə olaraq istəyirəm ki, bu məsələ ilə bağlı öz sözümü deyim, sizə öz məsləhətlərimi verim və siz də bunu rəhbər tutaraq gələcəkdə öz fəaliyyətinizi uğurla davam etdirəsiniz. Bir daha sizi salamlayıram və bu gözəl mərkəzin açılışı münasibətilə təbrik edirəm".

Xəbər lenti

Xəbər lenti