Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cu ilin 24 sentyabr tarixində ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.
Azərbaycanın Xarici İşlər nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Habelə, tərəflər ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisinin ofisi və sözügedən ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir münadiləsi aparıblar.
Görüşün sonunda "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası Hökuməti arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu" imzalanıb.