...

Bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə aydınlıq gətirildi

Siyasət Materials 5 Fevral 2015 16:27 (UTC +04:00)
Son dövrlərdə qəbul olunan qanunlarda bələdiyyələrə xeyli səlahiyyətlər və hüquqlar verilib.
Bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə aydınlıq gətirildi

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Son dövrlərdə qəbul olunan qanunlarda bələdiyyələrə xeyli səlahiyyətlər və hüquqlar verilib. Bu barədə Trend-ə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

Onun sözlərinə görə, belə düşüncələr var ki, ayrıca qanun qəbul olunsun və bu qanunda göstərilsin ki, bələdiyyələrin bu səlahiyyətləri var: "Bu belə deyil. Qəbul olunan son qanunların əksəriyyətində bələdiyyələrə müəyyən səlahiyyətlər, hüquqlar verilib. Misal üçün, "Təhsil haqqında" qanunda xeyli maddələr var ki, orada bələdiyyələrə də müəyyən səlahiyyətlər, hüquqlar verilib. Qanuna əsasən, bələdiyyə məktəb, məktəbdən kənar müəssisə, uşaq bağçası, bələdiyyə ictimai iaşə obyekti yarada bilər".

T.Rzayev əlavə edib ki, "Şəhərsalma və tikinti haqqında" qanunda da bələdiyyələrə səlahiyyət verilib ki, öz ərazisində yaşayış binası tikib istismara verə bilər və yaxud hər hansı bir iş adamı ilə razılaşıb tikilən binadan mənzillər ala bilər: "Bədən tərbiyəsi və idman haqqında" qanunda da bələdiyyələrə idman meydançaları, idman qurğuları yaratmaq və bunların istismarından gəlir əldə etmək imkanı verilir. Bunların hamısı səlahiyyətlərdir. Bələdiyyələrin özlərinin yüksək təşəbbüskarlığı olmalıdır ki, bunlardan istifadə etsinlər. İstəyirlər ki, hər şeyi dövlət etsin. Elə olmur axı. Xarici ölkə bələdiyyələri maliyyə vəsaiti qazanmaq üçün çox iş görürlər, yollar axtarırlar, bizim bələdiyyələr isə buna getmirlər. Təbii ki, aktiv bələdiyyələr də var. gərək biz özümüz də həmin yaxşı bələdiyyələri təbliğ edək, onlara müəyyən istiqamət verək ki, digər bələdiyyələrə də nümunə olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti