...

Mübariz Əhmədoğlu: Artaşes Tumanyanın səfir təyinatında məqsəd Ermənistanın avrointeqrasiya və antirusiya siyasətinə İranı yenidən qoşmaqdır

Siyasət Materials 25 Fevral 2015 11:41 (UTC +04:00)
“Artaşes Tumanyan Ermənistanın İrandakı səfiri təyin edildi. A.Tumanyanın səfir təyinatında məqsəd Ermənistanın avrointeqrasiya və antirusiya siyasətinə İranı yenidən qoşmaqdır”. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Artaşes Tumanyanın səfir təyinatında məqsəd Ermənistanın avrointeqrasiya və antirusiya siyasətinə İranı yenidən qoşmaqdır

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Artaşes Tumanyan Ermənistanın İrandakı səfiri təyin edildi. A.Tumanyanın səfir təyinatında məqsəd Ermənistanın avrointeqrasiya və antirusiya siyasətinə İranı yenidən qoşmaqdır". Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, A.Tumanyan uzun müddət Ermənistan prezident administrasiyasının rəhbəri işləyib: "O, 2005-ci ildə "Avropa yolu" adlı partiya təsis etdirdi. Bu partiya İran-Ermənistan münasibətlərinin ən yüksək səviyyədə inteqrasiyasına nail olmağı qarşısına məqsəd qoymuşdu. Sonradan "Yeni ölkə" adı ilə partiyasının təsis yığıncağının anonsunu yaydı. Məqsədi 2015-ci ilə kimi Ermənistanın Avropaya inteqrasiyasına nail olmaq idi. İran Ermənistanı Rusiya və ABŞ-ın təsirindən uzaqlaşdırmaq niyyətində idi. Bunun əvəzində o Ermənistanın avrointeqrasiyasına güclü dəstək verməyə hazır idi. İran-Ermənistan qaz kəməri İran qazının Ermənistan ərazisi vasitəsilə Avropaya nəqlində mühüm rol oynayacaqdı. Prezident administrasiyası başçısının İrana bu qədər yaxın olması onun vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi oldu".

M.Əhmədoğlu qeyd edib ki, Ermənistan cəmiyyətində İrana xidmət edən, İranla əlaqəli siyasətçilərin sayı az deyil, amma İranın bir nömrəli adamı məhz A.Tumanyandır:

"Rəsmi Yerevan A.Tumanyanı İrana səfir təyin etməklə Ermənistan-İran münasibətlərindəki əvvəlki inamı bərpa etmək istəyir. Eləcə də Ermənistan Aİ ilə assosiativ müqaviləni imzalamaq üçün güclü baza yaradır. İran faktoru bu məsələdə mühüm rol oynaya bilər. A.Tumanyanın İrana səfir təyin edilməsi Ermənistan-İran münasibətlərini əvvəlki hala salmaq gücündə deyil. Ermənistan prezident administrasiyasının rəhbərinin İranın adamına çevrilməsi o zamankı Ermənistan-İran münasibətlərinin nəticəsi idi. Məhz Ermənistana görə İran o zaman öz düşüncəsində Avropanı ABŞ-dan ayırmışdı: ABŞ-la düşmənçiliyi saxlamaqla Ermənistan vasitəsilə Avropa ilə əməkdaşlıq etmək kursunu götürmüşdü. A.Tumanyanın seçilməsi təsadüfi deyildi. Şəxsi xarakterinə görə, İranın istədiyi adam idi. Qısa müddət ərzində o, R.Koçaryanın kassirindən daşnak partiyasının boz kardinalına çevrildi. İran və Livandakı daşnaklarla əlaqə qura bildi".

Politoloqun sözlərinə görə, indi Ermənistan İranın təkliflərini rədd edir: "Dağlıq Qarabağ tənzimlənməsində İranın vasitəçiliyinə yeganə maneə Ermənistandır; İran Azad İqtisadi Zona yaratmaq istəyir. Ermənistanın mövqeyi ona əngəl yaradır. Eləcə də Ermənistan İrana qarşı xəyanət etməyə hazır olduğunu da sübut etdi. Livana hərbi qüvvə göndərməklə Hizbullah"ı məhv etməyə hazır olduğunu göstərən Ermənistan faktiki İrana qarşı təhtəlşüur siyasətini açıqladı".

M.Əhmədoğlu hesab edir ki, İranla sərhəddə yerləşən Vorotan SES-i alan ABŞ orada radioelektron casus qurğuları yerləşdirə bilər. Onun sözlərinə görə, Ermənistan ərazisindən istifadə edərək ABŞ İranın daxilində dağıdıcılıqla məşğul ola bilər:

"İsraildən olan mütəxəsislər artıq bir neçə dəfə təkcə Ermənistanda deyil, həm də Dağlıq Qarabağda görüşlər keçiriblər. İranın yeni rəhbərliyi Ermənistanın İrana münasibətini araşdırmaq məqsədilə İranın Xarici İşlər naziri C.Zərif Ermənistana səfər etdi. 7 rayon da daxil olmaqla Dağlıq Qarabağı Azad İqtisadi Zona yaratmaq prosesinə qoşulmaq təklifini irəli sürdü. Belə təkliflə C.Zərif Ermənistan rəhbərliyinə münasibətini bildirdi. Ermənistan hakimiyyətinin daxilində gedən proseslərlə tanış olduqdan sonra isə Azərbaycana səfər etməklə bağlı qərar qəbul etdi. C.Zərifin Dağıq Qarabağ tənzimləməsi ilə bağlı Azərbaycanda verdiyi 3 cümləli bəyanatda 2 sensasiya var idi. Sensasiyalardan biri o idi ki, C.Zərif İranın həmişə ATƏT MQ-nin vasitəçilik missiyasının uğurla başa çatmasında maraqlı olduğunu bildirdi".

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsini daim İranın dəstəklədiyini bəyan etmək isə daha böyük sensasiyadır:

"Ermənistan və Azərbaycanda İranın Dağlıq Qarabağ tənzimlənməsinə münasibəti barədə xeyli məlumatlıdırlar. Dağlıq Qarabağın tənzimləməsinə İranın mövqeyinin sensasiyalı dəyişməsinin əsas səbəbi İranın xarici işlər nazirinin Ermənistanda olarkən aldığı məlumatlardır. Ermənistan İrana xəyanət edib. İran iri dövlətlərin xəyanətinə qarşı kinli münasibətini davam etdirir. Ermənistana İran tərəfdən çox böyük zərbə vurulacağını indidən ehtimal etmək olar. İran Ermənistan vasitəsilə digər dövlətlərə, xüsusilə, Avropaya qaz nəql edə bilməyəcək. Çünki Ermənistan vasitəsilə Avropaya qaz nəql etmək İranın əlində ən sərfəsiz variantdır. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə daha sərfəli variantlar mövcuddur. Azərbaycan vasitəsilə qaz svapına getmək yaxın illərdə İrana 10-12 milyard mᶟ qaz üçün əlavə bazar tapmaq deməkdir".

Politoloqun fikrincə, İran Ermənistana dəmir yolu çəkə bilməz: "Çünki "Şimal-Cənub" marşrutunun dəmir yolu hissəsinin Astara-Rəşt hissəsinin tikilməsi ilə bağlı danışıqlar başa çatıb. Mühüm sənədlər imzalanıb. Qalır bir variant: Ermənistan rəhbərliyi Ermənistanı İrana satmaq təklifi ilə çıxış edə bilər. A.Tumanyan bunu İran maraqları prizmasından daha yaxşı bacara bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti