Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Mən Milli Məclisin deputatı olaraq və siyasətlə məşğul olan bir insan kimi tam əminliklə deyə bilərəm ki, doğrudan da bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hakimiyyətinin istər daxili, istərsə də xarici siyasəti çox peşəkar səviyyədə və düzgün istiqamətdə həyata keçirilir".
Bunu Trend-ə Milli Məclisin deputatı Rafael Cəbrayılov ABŞ-ın nüfuzlu "Arthur J. Finkelstein & Associates" şirkətinin Azərbaycanla bağlı apardığı sorğunun nəticələrini şərh edərkən deyib.
R.Cəbrayılov bildirib ki, bu gün Azərbaycanın demokratiya, hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar həqiqətən də təqdirəlayiqdir: "Bu gün Azərbaycanda demokratiyanın səviyyəsi o qədər yüksəkdir ki, hətta bundan sui-istifadə hallarına geniş zəmin yaranıb. Baxın bu gün istər Milli Məclisin üzvləri olsun, istərsə də ayrı-ayrı məmurlar olsun, onlar haqqında jurnalistlərdən tutmuş hər kəs istədiklərini deyə bilir. Bu elə Azərbaycanda demokratiyanın təntənəsi deməkdir ki, bundan da sui-istifadə edirlər".
Millət vəkili hesab edir ki, bu gün Azərbaycanda demokratiya, söz azadlığı baxımından Azərbaycanla müqayisə ediləcək çox az dövlətlər var.
Onun sözlərinə görə, dövlət Dağlıq Qarabağ məsələsini də öz siyasətində proritet olaraq saxlayıb və bu məsələdə birmənalı olaraq siyasi iradəsini qarşıya qoyub: "Əgər Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilməsə, bunu Azərbaycan əsgəri həll edəcək. Bunu artıq bədnam qonşularımız da bilirlər".
R.Cəbraylov bildirib ki, Azərbaycan hakimiyyəti peşəkarlıq səviyyəsi çox yüksək olan bir xarici siyasət aparır: "Baxın, dünyada nələr baş verir. İstər Ukrayna hadisələri olsun, istər qonşumuz Gürcüstanla bağlı baş verən hadisə olsun. Azərbaycanda da analoji problem, yəni Dağlıq Qarabağ məsələsi var. Amma Azərbaycan Ukraynanın, Gürcüstanın qarşılaşdığı hadisələrlə qarşılaşmır. Bu da Azərbaycan xarici siyasətinin təntənəsidir. Eyni zamanda Azərbaycan xarici siyasətinin uğurudur ki, Azərbaycanda rəngli inqilablar törətmək mümkün deyil. Azərbaycanda siyasi sabitlik, yüksək səviyyəli dövlət tədbirlərinin, seçkilərin keçirilməsi Azərbaycanın düzgün dövlət siyasətinin təntənəsidir. Təbii ki, xalq da bütün bunları görür, qiymətləndirir, hakimiyyətin düzgün siyasət apardığını yaxşı bilir. Bunu tək biz yox, dünyanın nüfuzlu təşkilatları da deyir".
Qeyd edək ki, ABŞ-ın nüfuzlu "Arthur J. Finkelstein & Associates" şirkəti oktyabrın 14-də seçkiqabağı sorğunun nəticələrini açıqlayıb. Sorğu ölkədə 5,1 milyon seçicini əhatə edən geniş məsələlərə toxunub. Gələn ay parlament seçkilərində səs verəcək azərbaycanlıların təqribən 80 faizi hesab edir ki, xalq indiki hakimiyyətin dövründə düzgün iqtiqamətdə hərəkət edir və Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi əsas problem olaraq qalır. Rəyi soruşulanların 82,1 faizi "Ümumilikdə Prezident İlham Əliyevin işini necə qiymətləndirərdiniz" sualına "yaxşı" və ya "əla" cavabını veriblər.