...

İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 4 Noyabr 2015 13:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında iştirak edib.
İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında iştirak edib.

Trend-in məlumatına görə, 2012-ci il mayın 7-də ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ Zaqatala rayonunda da ciddi fəsadlar törətmişdi. Çoxlu sayda evlər, sosial təyinatlı binalar dağılmış və ya qəzalı vəziyyətə düşmüşdü. Hadisədən dərhal sonra fəlakət zonasına gələrək zəlzələnin törətdiyi fəsadlarla şəxsən tanış olan Prezident İlham Əliyev zərərçəkmiş insanlara təcili yardım göstərmək, dağılmış binaların yerində yeni tikililərin inşası üçün sərəncam və tapşırıqlarını vermişdi.

Zəlzələ zamanı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının binası da tamamilə qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2012-ci ildə filial üçün yeni binanın tikintisinə başlanıb. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidentinə məlumat verildi ki, bina 6 min 700 kvadratmetr ərazini əhatə edir. Beşmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsinin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada linqafon otağı, kompyuter mərkəzi tələbələrin ixtiyarına veriləcək. Təhsil ocağının bütün otaqları, auditoriyaları zəruri avadanlıqla təchiz olunub. Tədris prosesində müasir informasiya-kommunikasiya sistemlərindən istifadəyə diqqət yetirilib. Filialın yeni binasında kitabxana, akt zalı və muzey fəaliyyət göstərəcək, tələbələr tibb və iaşə xidmətlərindən istifadə edəcəklər.

Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, tamamilə yeni infrastruktur yaradılıb. Transformator yarımstansiyası, su və kanalizasiya şəbəkəsi quraşdırılıb, istilik təchizatı üçün qazanxana tikilib. Yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında öz yeri olan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binada daha səmərəli işləməsi üçün hərtərəfli şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti