Bakı. Səba Ağayeva - Trend:
"Tolerantlıq Azərbaycan xalqının əsas brendidir və Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi olduqca məntiqlidir və əsaslandırılıb". Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov deyib.
Onun sözlərinə görə, Azərbaycan tarixi birgə yaşama, azərbaycanlıların ölkə ərazisində yaşayan digər xalqların nümayəndələrinə, milli azlıqlara, etnik qruplara, müxtəlif dinlərin nümayəndələrinə qarşı tolerant münasibətinin parlaq nümunələri ilə doludur.
F.Sadıxov qeyd edib ki, hazırda bütün bunlar daha mükəmməl xarakter daşıyır: "Azərbaycanda bütün dinlərin nümayəndələri tamamilə dinc şəraitdə yaşayırlar. Ən əsası, onlara qarşı dözümlü, tolerant, anlayışla yanaşırlar və Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi faktı bunu izah edir".
Politoloq diqqətə çatdırıb ki, cari il Azərbaycanda nüfuzlu tədbirlərin, o cümlədən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsinin planlaşdırılması faktı ondan xəbər verir ki, ölkəmiz mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa və multikulturalizmə vacib töhfə verir.