Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda ABŞ-a səfəri çox uğurlu olub. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta "Amerikanın səsi"nə müsahibəsində deyib.
Onun sözlərinə görə, həm dövlət katibi Con Kerri, həm də vitse-prezident Co Bayden Azərbaycanın son dövrlərdə atdığı addımları alqışladıqlarını, təqdir etdiklərini bildiriblər.
Səfir aparılmış danışıqları iki dövlətin qarşılıqlı münasibətlərində dönüş nöqtəsi kimi səciyyələndirib: "Bu, önəmli bir dönüş nöqtəsidir, önəmli bir mərhələdir ki, burada tərəflər bu vaxta qədər atılmış addımları təhlil edir, nəzərdən keçirir, gələcəkdə birgə ata biləcəkləri addımları müzakirə edirlər".
Neftin qiymətlərinin ucuzlaşmasına toxunan səfir diqqətə çatdırıb ki, ABŞ-ın bu məsələ ilə bağlı böyük təcrübəsi var və təcrübə mübadiləsinə hazırdır.
R.Sekuta müsahibəsində bildirib ki, Azərbaycan terrorçuluqla mübarizədə mühüm addımlar atır və bu istiqamətdə böyük səylər göstərir.
Diplomat əlavə edib ki, Azərbaycan "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya edilmiş dəyişiklikləri ratifikasiya etməklə vacib addım atdı ki, bu da həmin qanunun qüvvəyə minməsi üçün yetərli sayda ölkənin olmasına imkan verdi.
Onun sözlərinə görə, bu yaxınlarda Vaşinqtonda baş tutmuş Nüvə Təhlükəsizliyi Sammitində müzakirə edilən vacib məsələlərdən biri də terrorçuların nüvə materialını əldə etməsinin qarşısının alınması olub: "Azərbaycan Konvensiyanı ratifikasiya etməklə bu məsələyə də önəmli töhfə verdi".