...

BƏƏ Azərbaycanın kənd təsərrüfatı potensialından istifadə etməkdə maraqlıdır (FOTO)

Siyasət Materials 17 May 2016 13:48 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Əbu Dabi Ticarət və Sənaye Palatasının (ƏDTSP) baş icraçı direktoru Hilal Məhəmməd Əl Hameli ilə görüşüb.
BƏƏ Azərbaycanın kənd təsərrüfatı potensialından istifadə etməkdə maraqlıdır (FOTO)

Bakı. Trend:

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Əbu Dabi Ticarət və Sənaye Palatasının (ƏDTSP) baş icraçı direktoru Hilal Məhəmməd Əl Hameli ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir D.Şikarov görüşə görə Əl Hameliyə təşəkkür edərək, görüşün məqsədinin tanışlıq və Azərbaycan iqtisadiyyatı və onun imkanları barədə məlumat vermək olduğunu deyib.

Bildirib ki, bünövrəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və BƏƏ-nin banisi mərhum Şeyx Zayed tərəfindən qoyulmuş Azərbaycan - BƏƏ əlaqələri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə həyata keçirdiyi rəsmi səfər, eləcə də BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun ötən ilin aprel ayında ölkəmizə baş tutmuş səfəri bu əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Hökumətlərararası münasibətlərlə yanaşı, iki ölkənin xalqları arasında da çox gözəl münasibətlər formalaşmışdır və ölkələrimiz istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birinə dəstək olmaqdadır.

Sonra səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə edilmiş naiiyyətlər, həyata keçirilən iri miqyaslı beynəlxalq layihələr və tədbirlər, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və aparılan islahatlar, əlverişli biznes və investisiya mühiti haqqında danışıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və dünyanın bir sıra digər bölgələrində həyata keçirilən xeyriyyə tədbirləri haqqında məlumat verib.

İki ölkə arasındakı ticarət əlaqələrinin hazırkı səviyyəsinə toxunan səfir qeyd edib ki, 2015-ci ildə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 10 faiz artsa da, cəmi 70 milyon ABŞ dolları təşkil edib. Halbuki bu göstəricini 500-600 milyon ABŞ dollarına qədər artırmaq mümkündür.

Azərbaycandan BƏƏ bazarına xüsusilə kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı üçün böyük potensialın olduğunu deyən D.Şikarov bunun BƏƏ-nin ərzaq təhlükəsizliyinə də xüsusi töhfə verə biləcəyini vurğulayıb və Azərbaycandan ixracı mümkün ərzaq məhsullarının siyahısını nəzərdən keçirilməsi üçün qarşı tərəfə təqdim edib.

Səfir həmçinin Dubay Ticarət və Sənaye Palatası tərəfindən bu günlərdə Azərbaycana təşkil edilən ticarət missiyası haqqında məlumat verib, bənzər ticarət missiyalarının ƏDTSP tərəfindən də təşkil edilməsini təklif edib.

Dubay Ticarət Palatasının ilk beynəlxalq nümayəndəliyinin məhz Bakıda açıldığını xatırladan D.Şikarov ƏDTSP tərəfindən də belə bir qərar olacağı təqdirdə bunun reallaşması üçün səfirlik tərəfindən bütün zəruri dəstəyin göstərilə biləcəyini ifadə edib.

Turizm sahəsindəki əməkdaşlığa da toxunan Səfir ölkəmizin əlverişli iqlimi, füsunkar təbiəti, zəngin mədəniyyəti, ləziz mətbəxi və qonaqpərvərliyi ilə tanındığını diqqətə çatdırıb.

Qeyd edib ki, Azərbaycanda turizmin inkişafı bilavasitə ölkə rəhbərliyinin nəzarətindədir və turizmə göstərilmiş dövlət qayğısının nəticəsi olaraq bu gün paytaxt Bakı ilə yanaşı, regionlarda da ilin dörd fəsli istirahət etməyə imkan verən müasir infrastruktur yaradılıb. Qəbələ, Quba, Qusar, Şamaxı, Şəki, Naxçıvan və Azərbaycanın digər bölgələrinin öz gözəlliyi ilə BƏƏ-li turistləri valeh edəcəyini deyən səfir Qusar rayonunda istifadəyə verilmiş "Şahdağ" turizm mərkəzini xüsusi qeyd etmiş və bu kompleksin qış turizmi üçün bütün regionun ən cəlbedici məkanına çevrildiyini vurğulayıb.

Əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilməkdədirlər. Bu qərardan sonra BƏƏ-li turistlərin Azərbaycana çoxsaylı axını müşahidə olunmaqdadır. Əvvəllər il ərzində cəmi 2500-3000 BƏƏ-li turist Azərbaycana səfər edirdisə, son üç ayda 10 mindən çox BƏƏ vətəndaşı ölkəmizə səfər etmişdir. Bu turistlərin əksəriyyəti əsasən Dubay Əmirliyinin payına düşsə də, əldə edilmiş müsbət dinamika Əbu Dabi Əmirliyindən olan turistlərin sayının da sürətlə artacağını deməyə əsas verir. Turizm sahəsində getdikcə artan əlaqələr iki ölkə arasında hava nəqliyyatının inkişafına da təsirsiz ötüşmür. Hazırda "AZAL" və "Flydubai" aviaşirkətləri Bakı və Dubay istiqamətində uğurla fəaliyyət göstərir. Artan sərnişin axını və güclənən ticarət əlaqələri fonunda digər aviaşirkətlərin də Azərbaycan və BƏƏ arasında birbaşa hava səfərlərinə başlaması gözlənilir.

Aparılmış islahatlar nəticəsində hazırda ölkədə olduqca əlverişli investisiya mühitinin formalaşdığını deyən səfir Əbu Dabili investorları ölkəmizə sərmayə qoymağa dəvət edib. Bu kontekstdə, xüsusilə inşaat və tikinti sektorlarındakı imkanlar haqqında qarşı tərəfə məlumat verilib, əlverişli coğrafi mövqe, iqtisadi-siyasi sabitlik və münbit biznes mühiti fonunda ölkədə həyata keçirilən layihələrin qısa müddətdə özünü doğrultduğu qeyd edilib.

Söhbətin davamında, qarşı tərəfə Dağlıq Qarabağ münaqişəsi və onun iqtisadi fəsadları haqqında məlumat verilib. Bildirilib ki, işğal nəticəsində Azərbaycanın nəzarətindən müvəqqəti olaraq kənarda qalmış ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlər həyata keçirilməkdədir. İşğal edilmiş ərazilərin yeraltı və yerüstü təbii sərvətləri amansızlıqla talan edilməkdə, ətraf mühitə ağır zərbə vurulmaqdadır.

Bununla yanaşı, bu ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən bir sıra şirkətlər öz məhsullarını dünya bazarlarına çıxarmaq cəhdləri göstərməkdədirlər. Azərbaycan qanunvericliyini və beynəlxalq hüququ kobud şəkildə pozan bu fəaliyyətlərin qarşısının qəti şəkildə alınmasının vacibliyini qeyd edən səfir ƏDTSP rəhbərliyini belə şirkətlər tərəfindən Əbu Dabi Əmirliyinə məhsul ixrac edilib edilmədiyinin araşdırılması və varsa bu şirkətlərdən məhsul idxalının dayandırılmasına çağırıb.

Cənab Əl Hameli ölkəsi haqqında deyilmiş xoş sözlərə və verilmiş məlumata görə təşəkkür edib. Bildirib ki, Azərbaycanla BƏƏ arasında tərəfdaşlıq münasibətləri Heydər Əliyev və Şeyx Zayed zamanında başlamış və onların davamçıları tərəfindən uğurla inkişaf etdirilib.

Azərbaycanda xüsusilə son iki ildə həyata keçirilən iqtisadi islahatlar BƏƏ-li investorlar tərəfindən diqqətlə izlənilir. Ərzaq təhlükəsizliyi məsələsi BƏƏ üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, BƏƏ Azərbaycanın kənd təsərrüfatı potensialından istifadə etməkdə maraqlıdır və səfir tərəfindən təqdim olunmuş ixrac məhsulları siyahısı diqqətlə nəzərdən keçiriləcək.

Əbu Dabili iş adamlarından ibarət ticarət missiyasının ölkəmizə səfərinin təşkil edilməsi təklifi ilə əlaqədar olaraq isə o, bu kimi qərarların ƏDTSP-nin İdarə Heyəti tərəfindən alındığını əsas gətirərək İdarə Heyətinin məlumatlandırılacağını bildirib.

Əl Hameli həmçinin, Azərbaycandan müvafiq ekspertləri dəvət etməklə ƏDTSP-də işadamları üçün xüsusi təqdimatın keçirilə biləcəyini deyib. Əlavə edib ki, təmsil etdiyi qurum Dubay Ticarət Palatasının Bakı nümayəndəliyinin imkanlarından da istifadə etməklə Azərbaycan bazarını daim diqqətdə saxlamaqdadır.

Son dövrlərdə BƏƏ vətəndaşlarında yeni turizm istiqaməti kimi Azərbaycana xüsusi marağın oyandığını ifadə edən Əl Hameli, gündən-günə daha çox BƏƏ-linin Azərbaycana səfər etməyi planlaşdırdığını qeyd edib. O, özünün də yaxın vaxtlarda Azərbaycana səfər etməyi düşündüyünü deyib.

Əl Hameli işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərlə bağlı məsələdə Azərbaycanın göstərmiş olduğu həssaslığın başa düşülən olduğunu, lakin bu ərazilərdən BƏƏ-yə ixracla bağlı onlarda hər hansı bir faktın mövcud olmadığını bidirib.

Sonda görüşə görə ƏDTSP-nin baş icraçı direktoru Əl Hameliyə təşəkkür edilib, Azərbaycanın BƏƏ-dəki səfirliyinin iki ölkə arasındakı ticarət-iqtisadi əlaqələrin inkişafı yolunda tələb olunan bütün mümkün dəstəyi göstərməyə hazır olduğu bir daha ifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti