Bakı. Trend:
Azərbaycan Belarusa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tutduğu mövqeyə görə çox minnətdardır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
Prezident İlham Əliyev bəyan edib: "Aleksandr Qriqoryeviç, icazə verin, bir daha Sizi səmimi qəlbdən ölkəmizdə salamlayaq. Azərbaycana xoş gəlmisiniz. Mən Sizin səfərinizə çox şadam. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz həm artıq dəfələrlə keçirilmiş rəsmi, həm də işgüzar görüşlər çərçivəsində çox tez-tez görüşürük. Bizim əlaqələrimiz həmişə çox səmimi, açıq, dostluq xarakteri daşıyır. Əlbəttə ki, Sizin bugünkü səfəriniz ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm hadisədir. İndicə bir çox istiqamətlər üzrə gələcək əlaqələrimizi müəyyənləşdirəcək xeyli sənədlər imzalanıb. Bu gün biz təkbətək və geniş tərkibdə görüşlər çərçivəsində münasibətlərimizin geniş spektrini müzakirə etdik və əməkdaşlıq potensialının gücləndirilməsi arzusunu bildirdik. İndicə imzalanan hər bir sənəd böyük əhəmiyyət kəsb edir. Sənədlər arasında prezidentlərin imzaladığı və əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən, eləcə də münasibətlərimizin ruhunu və xarakterini əks etdirən Birgə Bəyanat xüsusi yer tutur".
Dövlətimizin başçısı əlavə edib: "Biz Belarus tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tutduğu mövqeyə görə çox minnətdarıq. Belarus həmişə qanunun aliliyinin, beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərar və qətnamələrinin yerinə yetirilməsinin tərəfdarıdır. Biz qətiyyətlə əməkdaşlıq potensialının gücləndirilməsi niyyətindəyik. Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ölkələrimiz arasında qarşılıqlı dəstək artıq reallıqdır və sanki avtomatik rejimdə həyata keçirilir. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər. Biz əməkdaşlığın bu səviyyəsini qiymətləndiririk. Bizim aramızda qarşılıqlı hörmətə, rəğbətə, əməkdaşlığa və dəstəyə əsaslanan nadir münasibətlər yaranıb. Bugünkü danışıqlar və fikir mübadilələri bir daha bizim münasibətlərin əsas dəyərini sübut etdi.
Əlbəttə ki, biz bu gün artıq əldə olunmuş razılaşmaların təcrübədə gerçəkləşdirilməsini müzakirə etdik, bir çox məsələlər üzrə nümayəndə heyəti üzvlərinin məlumatları dinlənildi, eləcə də müvafiq nazirlərə, həmçinin hökumətlərarası komissiyanın həmsədrlərinə tapşırıqlar verildi ki, qısa müddətdə - bir ay ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsinin xeyli və sürətlə artırılması barədə yeni fəaliyyət planı hazırlasınlar. Biz yaxşı qarşılıqlı fəaliyyət, birgə layihələrin reallaşdırılması tarixinə malikik. Bunların arasında əlbəttə ki, traktorların istehsalı üzrə zavod xüsusi yer tutur. Qısa müddət ərzində prezidentlərin təkcə xoş arzuları və tövsiyələri ilə Gəncədə yaradılan MAZ avtomobilləri zavodu buna nümunədir. Qısa vaxtda Belarus tərəfi bizə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verən müasir super istehsal sahəsi yaratmağa böyük kömək göstərib. Biz texnika idxalından asılılığı xeyli dərəcədə azaltmışıq. Eləcə də bu gün deyildiyi kimi, istehsal olunan maşınların, mexanizmlərin, traktorların başqa ölkələrə ixracına başlamışıq".
İlham Əliyev bildirib ki, elm, təhsil sahəsində də böyük potensial var: "Biz bu sahələrə həmişə böyük diqqətlə yanaşırıq. Elmin və təhsilin yüksək səviyyəsi olmadan heç bir ölkənin gələcəyi mümkün deyil.
Biz aqrosənaye kompleksləri sahəsində əməkdaşlıqla bağlı hərtərəfli müzakirə apardıq. Şadam ki, kənd təsərrüfatının bu sahəsində də Belarus mütəxəssisləri tərəfindən iri layihə reallaşdırılacaq. Belarus tərəfinin bu sahədə çox yaxşı təcrübəsi var. Biz əməkdaşlıq potensialını genişləndirməyi nəzərdə tuturuq".
Prezident deyib ki, bu gün Azərbaycanın Belarusda, Belarusun isə Azərbaycanda ticarət evlərinin yaradılması barədə qərar qəbul olunub: "Biz bu məsələdə Belarusdan geri qalırıq. Belə ki, Belarusun artıq Azərbaycanda ticarət nöqtələri, obyektləri var. Biz isə hələlik buna yeni hazırlaşırıq. Düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə mövqelərimizi bərabərləşdirəcəyik.
Biz münasibətlərimizin dəyərini bir daha geniş müzakirə etdik. Qərara gəldik ki, biz rəqib deyilik. Biz Belarusda olmayan meyvə-tərəvəzləri, digər kənd təsərrüfatı məhsullarını, Belarus isə bizim idxal etdiklərimizi istehsal edir. Buna görə razılaşdıq ki, nəzarəti məqsədyönlü şəkildə həyata keçirək və təəssüf ki, hələlik aşağı səviyyədə olan qarşılıqlı əmtəə dövriyyəsini gücləndirməyə rəvac verək".
Dövlət başçısı qeyd edib: "Bizim qarşılıqlı fəaliyyətimizin mühüm hissəsini hərbi sənaye sahəsi təşkil edir. Biz bu sahədə də çoxdan tərəfdaşlıq edirik və bir-birimizi sınaqdan çıxarmışıq. Biz hərbi sənaye kompleksi sahəsində əməkdaşlıq səviyyəsindən çox razıyıq və əməkdaşlığı gücləndirmək niyyətindəyik. Bizim qarşılıqlı fəaliyyətimizin yeni istiqamətinə gəlincə, energetika sahəsini qeyd edə bilərəm. Bu əməkdaşlığın uzunmüddətli və möhkəm olması barədə də müvafiq göstərişlər verilib. Çünki neft əməliyyatları və neft ixracatı sahəsində əlbəttə ki, uzunmüddətli tədarüklər lazımdır. Mən həm də belə bir məsələ qaldırdım ki, biz nəqliyyat sahəsində əməkdaşlıq barədə məsləhətləşmələrə başlamalıyıq. Bildiyiniz kimi, biz regionumuzda yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı iri layihələr həyata keçiririk. Azərbaycanın və Belarusun coğrafi mövqeyi bizə bu istiqamətdə çox fəal əməkdaşlıq etməyə imkan verir. Biz imkanlarımızdan və müxtəlif ölkələrlə əlaqələrdən istifadə edərək öz ölkələrimizin ərazisindən yük daşımalarının həcmini artırmalıyıq.
Əlbəttə ki, Prezidentin rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı üçün həmişə böyük əhəmiyyət daşıyır. Əminəm ki, bu səfər də bizim qarşılıqlı dostluq münasibətlərimizin inkişafına təkan verəcək. Biz bu əlaqələri çox yüksək qiymətləndiririk. Bu əlaqələr yaxşı tarixə malikdir və dediyim kimi, biz bir-birimizi artıq bir çox tarixi məqamlarda sınamışıq. Həmişə yalnız etibar, düzgünlük və qarşılıqlı dəstək görmüşük".