...

Rusiya XİN-dən Hakopyanın bir qrup rusiyalı qadınla Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət (ÖZƏL)

Siyasət Materials 17 Oktyabr 2018 11:17 (UTC +04:00)

Bakı. Ləman Zeynalova – Trend:

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın bir müddət əvvəl bir qrup rusiyalı qadınla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini şərh edib.

Rusiya XİN-dən Trend-in sorğusuna cavab olaraq bildiriblər: “Bu aksiyanın təşkilatçıları RF Xarici İşlər Nazirliyinə müraciət etməyiblər, ona görə də onların niyyəti barədə obyektiv fikir yürütmək çətindir. Prinsip etibarilə hesab edirik ki, bu cür tədbirlərin uğur qazanması üçün münaqişənin bütün tərəflərinin anlayışı və dəstəyi vacibdir”.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Trend-in sorğusuna cavab olaraq bildirmişdi ki, Azərbaycanın Rusiyadakı səfirliyi A.Hakopyanın işğal olunmuş ərazilərimizə qanunsuz səfərlə bağlı təşəbbüsü ilə əlaqədar Rusiya XİN qarşısında məsələ qaldıracaq:

"A.Hakopyanın “Qadınlar sülh naminə” təşəbbüsünün humanitar prinsiplərdən çıxış edərək irəli sürüldüyünü şəxsən bir qadın və ana kimi anlayıram. Güya bu təşəbbüsün əsas məqsədi gənc əsgərlərin, günahsız insanların ölümünün qarşısını almaqdır. O zaman məsələyə köklü şəkildə yanaşmaq və “Ermənistan əsgərlərinin Azərbaycanın torpaqlarında nə işi var?” sualına cavab vermək lazımdır".

XİN rəsmisi deyib ki, A.Hakopyan humanitar missiyası üçün hədəfləri düzgün seçməyib, gənc insanların ölümünün qarşısını almaq üçün o, ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalı və erməni qadınlarını və analarını övladlarını Azərbaycanın işğal olunmuş torpaqlarına göndərməkdən çəkindirməlidir:

"Aydındır ki, bu təşəbbüs hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb. Lakin nəzərə almaq lazımdır ki, bu kimi təşəbbüslər, xüsusilə də bu çərçivədə “humanitar missiya” adı altında Rusiya Federasiyasından bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşviq etmək, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmir, münaqişənin həllinə xidmət etmir və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbədə aparılmış söhbətin ruhuna cavab vermir. Bu məsələ Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti