...

Deputat: Vətəndaşların rifahının yüksəldilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir

Siyasət Materials 24 Dekabr 2018 10:01 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı bir daha göstərir ki, ölkə vətəndaşlarının rifahının yüksəldilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bu sərəncam bir daha sübut edir ki, Azərbaycan dövlətinin sosial siyasətinin əsasında insan amili və onun rifahı dayanır:

“Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət Azərbaycanın dövlət siyasətinin proritet istiqamətlərindən biridir və bu siyasət ölkəmizdə insanların daha firavan yaşayışını təmin etməyə yönəlib. Bunun nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsi də sosial yönümlüdür. Hətta dünyada maliyyə-iqtisadi böhran dövründə Azərbaycan sosial siyasətindən bir addım geri çəkilmədi, heç bir sosial layihə təxirə düşmədi”.

A.Hüseynov vurğulayıb ki, Azərbaycan Prezidentinin yorulmaz fəaliyyəti nəticəsində 15 ildə ardıcıl olaraq həyata keçirilmiş tədbirlər, icra edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumi əhali nisbətində xüsusi çəkisi xeyli azalıb, yoxsulluq 49 faizdən 5 faizə düşüb: “Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artsa da, işsizliyin statistikasında azalan temp saxlanılıb. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi hətta bir sıra Avropa ölkələrindən aşağıdır”.

Deputat bildirib ki, Azərbaycanın sosial siyasət sahəsində gördüyü işlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilir: “Ölkəmiz sosial müdafiəni və sosial ehtiyacların ödənilməsini özündə ehtiva edən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bu məqsədlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görüb. Azərbaycan bu sahədə bir çox ölkələrdən önə keçməyi bacarıb”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında 2018-ci il 19 dekabr tarixli sərəncamı ilə dekabrın 28-nə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti