...

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 81-ci kitabı çapdan çıxıb

Siyasət Materials 29 Aprel 2019 18:03 (UTC +04:00)
Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 81-ci kitabı çapdan çıxıb

Bakı. Trend:

Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən, o cümlədən təbii resurslarla zəngin ola bilər, lakin cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 81-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində söylədiyi nitqində səsləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabındakı materiallar 2017-ci ilin iyun-avqust aylarını əhatə edir.

Kitabda dövlətimizin başçısının Polşa və Latviyaya rəsmi, Türkiyə və Rusiyaya işgüzar səfərləri zamanı, həmçinin Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı bu ölkələrin rəhbərləri ilə danışıqlarına, imzalanan sənədlərə, təhsil, mədəniyyət sahəsində anlaşma və hərtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə dair materiallar toplanıb.

Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu çoxcildliyin 81-ci kitabında Prezident İlham Əliyevin Avstriya, ABŞ, Türkmənistan, Özbəkistan və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallarla da tanış ola bilər.

Kitabda dövlətimizin başçısının Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqlərinin mətnləri, Balakən, Zaqatala, Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərinə, bölgələrdə və paytaxtda iqtisadi, nəqliyyat, sosial infrastruktur layihələrinin açılışında iştirakına və çıxışlarına dair materiallar daxil edilib.

Nəşrdə Prezident İlham Əliyevin 2017-ci ilin iyun-avqust aylarında müxtəlif ölkələrin dövlət başçılarına məktublarının mətnləri də yer alıb.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 81-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti