...

Deputat: Əli Kərimlinin məqsədi xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi

Siyasət Materials 3 İyul 2019 09:50 (UTC +04:00)
Əli Kərimlinin və onun komanda üzvlərinin bəsit oyunu həyata keçirməyə çalışmaları ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib.
Deputat: Əli Kərimlinin məqsədi xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi

Bakı. Elçin Mehdiyev – Trend:

Əli Kərimlinin və onun komanda üzvlərinin sosial şəbəkələrdə ictimai asayişi kobud şəkildə pozan, qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə yardım məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar etmələri, bu bəsit oyunu həyata keçirməyə çalışmaları ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, cəmiyyət antimilli “siyasətçi” Əli Kərimlini yaxşı tanıyır və ona zərrə qədər də etibar etmir:

“Əli Kərimlinin ilk növbədə öz maraqlarını düşündüyü hamıya bəllidir. Siyasi fəaliyyəti tamamilə tükənən, əlləri hər yerdən üzülən AXCP sədri bu dəfə ən son varianta - "yardım kampaniyası" adı altında aksiyaya əl atdı və ümidi boşa çıxdı. Əslində, Əli Kərimlinin məqsədi ölkəmizin hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə qara yaxmaq, ən əsası xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi. Fəaliyyəti kimi rəhbərliyi də fırıldaq olan AXCP sədrinə qeyri-sabitlik, qarşıdurma lazım idi. Əks halda, Əli Kərimli və onun dəstəsi süni şəkildə ictimai narazılıq yaratmaq, müqavimət hərəkatı formalaşdırmaq və cəmiyyətdə mövcud olan sabitliyi pozmaq əvəzinə, narazı qaldıqları məhkəmə qərarları barədə hüquqi yolla aidiyyatı orqanlara müraciət edə bilərdi.

N.Həmzəyev xatırladıb ki, Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi "Facebook" səhifəsində “Silahlı Qüvvələrə yardım fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək” sərlövhəli paylaşım edərək Əli Kərimliyə və onun “komandasına” doğru yolu göstərib:

“Əli Əhmədov gözəl təşəbbüslə çıxış edib. Bildirib ki, müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblər mövcuddur. Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu var. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin. "Gəlin Ordumuza dəstək olaq”-deyən baş nazirinin müavini YAP-ın üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib və öz aylıq əməkhaqqının 50 faizini Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb”.

Deputat vurğulayıb ki, "vətən", "xalq" sözlərini əllərində bayraq edərək süni şəkildə ictimai narazılıq yaratmağa, sabitliyi pozmağa cəhd edən Əli Kərimli və onun "komandası"na Əli Əhmədovun bu təşəbbüsü tutarlı cavabdır:

“Bu gün ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edən, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyən xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri böyük ruh yüksəkliyi ilə bu təşəbbüsə qoşulublar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti