...

Azərbaycan Prezidenti: Dövlət Neft Fondunun vəsaiti ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir

Siyasət Materials 29 Noyabr 2019 16:30 (UTC +04:00)
Dövlət Neft Fondunun vəsaiti ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir.
Azərbaycan Prezidenti: Dövlət Neft Fondunun vəsaiti ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir

Bakı. Trend:

Dövlət Neft Fondunun vəsaiti ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Prezident İlham Əliyev qeyd edib: "Dövlət Neft Fondu bizim strateji aktivimizdir. Bu il biz Fondun yaradılmasının 20-ci ildönümünü qeyd edəcəyik. Əlamətdar hadisə ondan ibarətdir ki, “Çıraq” platformasından ilk neft çıxarılandan iki il sonra - 1999-cu ildə Azərbaycanda Dövlət Neft Fondu yaradılmışdır. Fondun yaradılması ulu öndər Heydər Əliyevin tarixi qərarıdır. Bu gün bu qərar onu göstərir ki, nə qədər düzgün və vaxtında atılmış bir addım idi. Onu da bildirməliyəm ki, Neft Fondunun yaradılması ilə bağlı təklifi Ulu Öndərə mən vermişdim. O vaxt hökumətdə müxtəlif fikirlər var idi və hökumət üzvlərinin bəziləri bunun əleyhinə çıxmışdılar. Onların təklifi ondan ibarət idi ki, neftdən gələcək bütün gəlirlər büdcəyə daxil olsun və hər il xərclənsin. Əgər bu yanaşma seçilsəydi, bu gün Dövlət Neft Fondumuzda pul olmayacaqdı. Mən bu təklifin əleyhinə çıxdım. Sübut etməyə çalışırdım və buna nail oldum ki, məhz vəsaiti şəffaf şəkildə saxlamaq, ölkəmizin strateji istiqamətlərinə yönləndirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdan ötrü mütləq Dövlət Neft Fondu yaradılmalıdır. Mənim təşəbbüsümlə Azərbaycan dövlət qurumlarının nümayəndələrindən ibarət heyət dünyanın müxtəlif ölkələrinə ezam edilmiş və orada oxşar fondların fəaliyyəti ilə tanış olmuşdur. Bundan sonra biz dünyada mövcud olan ən şəffaf və ən işlək model üzərində dayanıb onu qəbul etmişik və ötən 20 ilin təcrübəsi onu göstərir ki, bu, yeganə düzgün qərar idi. Deyə bilərəm ki, bu, tarixi qərar idi. Çünki Dövlət Neft Fondunun vəsaiti - orada toplanan, neftdən əldə edilmiş və hazırda artıq qazdan əldə edilmiş gəlirlər ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir.

Biz ölkə qarşısında duran önəmli sosial layihələri icra edə bilmişik. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məhz Dövlət Neft Fondunun vasitəsilə icra edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənibdir. Hər il Dövlət Neft Fondundan büdcəyə edilmiş transfertlər hesabına biz sosial layihələri icra edə bilirik, bu, maaşların, pensiyaların, müavinətlərin artırılmasına imkan yaradır. Eyni zamanda, ölkəmiz üçün strateji sayılan sahələri də Neft Fondu maliyyələşdirir. Onların arasında təhsillə bağlı olan layihələr var. Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil alması ilə bağlı təşəbbüs də Fond tərəfindən təmin edilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, digər önəmli strateji layihələr, qazma qurğularının tikintisi - bütün bunlar Dövlət Neft Fondunun vəsaiti hesabına icra edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti