...

Prezident İlham Əliyev: Bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur

Siyasət Materials 10 Mart 2020 21:14 (UTC +04:00)
Bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur

Bakı. Trend:

Bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Dövlət başçısı deyib:

"Əlbəttə ki, bütövlükdə parlamentin sosial sahə ilə bağlı fəaliyyəti çox fəal olmalıdır. Bu sahə də bizim üçün prioritetdir, həmişə olduğu kimi. Qeyd etdiyim kimi, keçən il önəmli addımlar atıldı, bu il də davam etdiriləcək. Xüsusilə aztəminatlı ailələrin dövlət tərəfindən dəstəklənməsi işinə əlavə vəsait nəzərdə tutulur. Ünvanlı sosial yardımla əhatə olunan ailələrin sayı artmalıdır, mənim göstərişimlə orada müvafiq metodologiyada düzəlişlər edilir. Çünki əvvəlki metodologiya həqiqəti əks etdirmirdi və hər ailəyə verilən məbləğ də artmaqdadır. Məcburi köçkünlərə bu il 7 min mənzil veriləcək, bu, rekord göstəricidir. Şəhid ailələrinə 1500 mənzil veriləcək, bu da rekord göstəricidir. Keçən il 934 mənzil verilmişdi.

Dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı bizim parlamentin də rolu çox təsirli ola bilər. Beynəlxalq tədbirlərdə və Azərbaycanda keçirilən bir çox tədbirlərdə bizim deputatlar fəal iştirak etməlidirlər. Biz öz dinimizə hörmət edirik. Dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, başqalarının dinlərinə də hörmətlə yanaşmalıyıq . Keçən ilin sonlarında Bakıda keçirilmiş Dünya dini liderlərinin II Zirvə Görüşündə səslənən fikirlər onu göstərir ki, bu gün dünya miqyasında bəlkə də Azərbaycan qədər bu məsələ ilə ciddi məşğul olan və ciddi nəticələr hasil edən ikinci ölkə yoxdur. Həm müsəlman aləmi bizi dəstəkləyir, həm də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibətə görə bizi örnək kimi göstərir. Həm Rusiya Pravoslav kilsəsinin patriarxı Kirill Azərbaycanda gedən dinlərarası proseslərə müsbət qiymət verir, həm də Roma Papası Fransisk. Mən onunla artıq 3 dəfə görüşmüşəm, bir dəfə Bakıda, iki dəfə Vatikanda. Onun da Azərbaycanda bu sahədə aparılan işlərə verdiyi qiymət çox yüksəkdir. Yəni, bunu mən demirəm. Bunlar aparıcı ənənəvi dünya dini liderlərinin sözləridir. Əlbəttə ki, bu istiqamətdə addımlar atılacaq.

Bununla bərabər, biz Azərbaycanı müasir, dünyəvi dövlət kimi gücləndirməliyik. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Ancaq sözün düzü, xatırlamıram ki, bu məsələ ilə bağlı əvvəlki dövrdə parlamentdə ciddi söhbət aparılsın. Biz aparmalıyıq. Heç bir bağlı mövzu olmamalıdır. Çünki bizim gələcəyimiz bundan asılıdır. Biz 20 il, 30 il, 50 il sonra hansı dövlətdə yaşamaq istəyirik. Biz bilirik və xalq da bilir. Amma bunu təmin etmək lazımdır. Əgər oturub nəyisə gözləyəcəyiksə, böyük problemlər yarana bilər. Ona görə biz bu sahədə də öz siyasətimizi təmin etməliyik, bizim siyasətimizin üstünlüyünü göstərməliyik və müqayisə etməliyik, çəkinmək lazım deyil. İstənilən tərəflə müqayisə etmək üçün kifayət qədər arqumentlərimiz var, təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial rifah, azadlıqlar. Ona görə parlament bu məsələlərlə ciddi məşğul olmalıdır və əminəm ki, olacaq.

Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Artıq 27 ilə yaxındır ki, biz sabitlik şəraitində yaşayırıq, görün, bizim ətrafımızda hansı proseslər baş vermişdir - müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması, böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri real vəziyyəti əks etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz suverenliyini və ərazi bütövlüyünü saxlayırlar. Əslində, çoxdan itiriblər, çoxdan bölünüblər tayfalara, təriqətlərə, müxtəlif bölgələrə. Bizim qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir. İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə baxın. Mən indi müqayisə edə bilmərəm, amma siz edə bilərsiniz. Deputatlar Prezidentin deyə bilmədiyi sözü deməlidir və əminəm ki, belə də olacaq.

Ona görə bu seçkilərin nəticələri görülmüş işlərin təzahürüdür. Çünki bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Azərbaycan öz hərbi potensialını gücləndirib. 2016-2018-ci illərdə bizim hərbi qələbələrimiz hər bir Azərbaycan vətəndaşını fərəhləndirdi və bizim ordumuzun gücünü göstərdi. Təsadüfi deyil ki, bizim ordumuz dünyanın 50 ən güclü ordusu sırasındadır. Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Qoşulmama Hərəkatına üzv olmuşuq, ondan yeddi il keçmədi sədr seçildik, özü də 120 ölkənin dəstəyi ilə. Bilirsiniz ki, o ölkələr arasında ixtilaflar kifayət qədər kəskindir. İnanmıram ki, ikinci belə bir ölkə tapılsın ki, yekdil səslə bu təşkilata sədrlik etsin. BMT-dən sonra bu, ən böyük beynəlxalq təsisatdır. BMT-nin rəhbəri yoxdur, amma Qoşulmama Hərəkatının lideri var, bu da Azərbaycandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti