...

Prezident İlham Əliyev: Gəncə şəhərinə xain hücum Ermənistanın növbəti terror aktıdır

Siyasət Materials 14 Oktyabr 2020 14:06 (UTC +04:00)
Prezident İlham Əliyev: Gəncə şəhərinə xain hücum Ermənistanın növbəti terror aktıdır

Bakı. Trend:

Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Ermənistanın Gəncəyə qəddar hücumu ilə bağlı suala cavabında səsləndirib.

Dövlətimizin başçısı bu xain hücumun məqsədini açıqlayaraq deyib: “Onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər. Fəqət mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Erməni ordusuna çox böyük zərər vuruldu, 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika məhv edildi, 33 tank və digər texnika qənimət kimi götürüldü”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. “Biz düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacağıq, daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti