...

Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməlini ümummilli lider Heydər Əliyev qoyub - İsa Həbibbəyli

Siyasət Materials 12 Dekabr 2020 16:00 (UTC +04:00)
Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməlini ümummilli lider Heydər Əliyev qoyub - İsa Həbibbəyli

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməlinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Bunu Trend-ə AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq variantını da nəzərə çarpdırmışdır. Lissabon sammitində ölkəmizin ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən bir daha yekdilliklə tanınması və Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağdakı ərazilərimizi işğaldan azad edilməsi haqqındakı qətnamələrin yerinə yetirilməsinin dəstəklənməsi ulu öndər Heydər Əliyevin apardığı müdrik siyasətin uğurlu nəticəsi idi. Görkəmli dövlət xadimi Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinin formatını müəyyən etmiş, beynəlxalq miqyasda həmin formatın obyektivliyi haqqında ictimai rəy formalaşdırmışdır.

İ.Həbibbəyli qeyd edib ki, Heydər Əliyev Azərbaycan Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və ordumuzun peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Ölkəmizin iqtisadiyyatı inkişaf etdirmək və zəruri hazırlıq işlərini aparmaq baxımından vaxt və imkan qazanmaq üçün atəşkəs sazişinə nail olması da ulu öndərin tarixə xidmətlərindəndir. Ali Baş Komandan kimi Heydər Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Horadizin düşməndən azad edilməsi ilə Azərbaycan torpaqlarının müharibə yolu ilə alınmasının mümkünlüyü sınaqdan çıxarılmışdır.

Akademik əlavə edib ki, əsası böyük uzaqgörənliklə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş «Bir millət – iki dövlət» düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir. Vaxtilə Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisində səsləndirdiyi «Tək millət – iki dövlət» kəlamı əvvəlcə hər iki ölkədə atalar sözünə çevrilmiş, tədricən daha da dərinləşərək iki qardaş ölkə arasındakı münasibətlərin strategiyası statusu qazanmışdır:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi bir vaxtda Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanı uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir. Fəxri xiyabandakı ziyarət aktı müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin dövlətçilik ideallarının hansı miqyasda və necə həyata keçirməyin bariz nümunəsidir. Müasir Azərbaycan tarixinin nadir səhifəsi olan bu ziyarət anı yeni nəsillərin ideya-siyasi və mənəvi tərbiyəsi üçün də xüsusi öyrənilməyə layiq ibrətamiz hadisə kimi də böyük əhəmiyyət kəsb edir".

Zəfərlərin mübarək olsun, Azərbaycan!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti