...

Ermənilərin guya Şuşanı döyüşsüz verməsi ağ yalandır - ŞƏRH

Siyasət Materials 28 Yanvar 2021 23:34 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

44 günlük müharibədə ordusu darmadağın edilmiş, ağır məğlubiyyətə uğramış Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan tərəfindən Şuşa şəhərinin işğalına guya hansısa təxribat nəticəsində son qoyulduğunu, “Şuşanın döyüşsüz verildiyini” həm daxili, həm də xarici auditoriyaya təlqin etməyə çalışır. Təbii ki, bu zaman ortalığa haqlı bir sual çıxır: Ermənilər nə üçün Azərbaycanın işğaldan azad etdiyi digər ərazilərlə yox, məhz Şuşa şəhəri ilə bağlı “xəyanət nəticəsində”, “döyüşsüz təhvil verilib” təbliğatını aparırlar?

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, şübhəsiz, burada düşmən ölkənin və onun yalan, böhtan üyüdən təbliğat maşınının öz alt niyyəti var:

“Uydurduqları yalan və əfsanələrlə yaşamağa alışmış ermənilər, o cümlədən onların siyasətçiləri və təbliğatçıları Şuşanın Qarabağ xanlığının paytaxtı, Qarabağın siyasi mərkəzi olduğunu, daha öncə ilk Qarabağ xanı Pənahəli xanın adı ilə “Pənahabad” aldandırıldığını yaxşı bilirlər. Qarabağ xanlığının həm də tarixi Azərbaycan dövlətlərindən biri olduğunu nəzərə alsaq, ermənilərin Azərbaycan torpaqlarına sahiblənmək üçün nə üçün Şuşa amilindən istifadə etdiklərini müəyyənləşdirə bilərik.

Onlar bununla dolayısıyla iddia edirlər ki, “əgər siyasi mərkəz, paytaxt Şuşa ermənilərə məxsusdursa, o zaman Qarabağ da ermənilərindir”. Yəni ermənilər Qarabağa təkcə ərazisi kimi deyil, həm də azərbaycanlıların Qarabağ ərazisində qurduqları eyniadlı dövlətə (xanlığa) sahiblənmək istəyirlər ki, indi işğalına son qoyulmuş ərazilərdə qurmaq istədikləri ikinci erməni dövlətinin mövcudluğunu əsaslandıra bilsinlər. Məhz bu səbəbdən də Azərbaycan torpaqlarının işğalı prosesində Şuşanın qəsb edilməsi ermənilərin əsas hədəfi olub.

Təsadüfi deyil ki, “qələbə günü” kimi məhz Şuşanın işağl edildiyi günü bayram edirdilər. Alınmaz qala olan Şuşanın Azərbaycanın müzəffər ordusunun əsgər və zabitlərinin misilsiz rəşadəti və fədakarlığı nəticəsində azad edilməsi, ermənilərin daha öncə söz açdığım təbliğat tezislərini sıradan çıxarmaqla yanaşı, həm də erməniliyin söykəndiyi sütünlardan biri olan “məğlubedilməzlik” sindromunu da sıradan çıxarıb”.

E.Mirzəbəyli qeyd edib ki, azərbaycanlılar, cənab Prezidentin də qeyd etdiyi kimi, yüngül silahlarla dişinə qədər silahlanmış, 30 ilə yaxın bir zaman ərzində Şuşada çoxsaylı istehkamlar qurmuş Ermənistan ordusunun tankına, topuna qarşı, az qala yalın əllə qalib gəliblər:

“Bir neçə yüz nəfərdən ibarət Azərbaycan cəngavərləri Ermənistan ordusunun yüzlərlə əsgərini məhv edib, minlərlə hərbçisini yaralayıb və döyüş meydanından qaçmağa məcbur ediblər. Azərbaycan igidləri Ermənistanın ordusunun həm relyef, həm hərbi texnika, həm də hərbçilərin sayı baxımından dəfələrlə üstün mövqedə olmasına baxmayaraq, Şuşanı ildırımsürətli bir əməliyyatla, sıldırım, keçilməz qayalıqları yalın əllə qalxaraq, əlbəyaxa döyüşdə darmadağın ediblər. Azərbaycan ordusunun ermənilərə Şuşada verdiyi dərs nəinki onların “məğlubedilməzlik” haqqında uydurduqları mifləri alt-üst edib, həm də ermənilərin yaddaşına elə bir məğlubiyyət toxumu səpib ki, onlar onillər, bəlkə də yüzillər boyu Azərbaycan əsgərinin nəfəsini belə raket atəşi zənn edəcəklər. Azərbaycan Şuşanı işğaldan azad etməklə, həm də dövlətçiliyinin bir parçası olan Qarabağ xanlığının vərəsəliyinə sahiblənib. Tarixi ədalətin təntənəsi olan bu reallıq əbədiyyətə qədər dəyişməyəcək!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti