Bakı. Trend:
II Qarabağ müharibəsindəki rüsvayçı məğlubiyyət Ermənistanda “mesopotamiya” effekti yaradıb. Yəni ölkə faktiki olaraq “iki çay” arasında qalıb: Rusiya, yoxsa Qərb? Bu sual hazırda özünün bataqlıq dövrünü yaşayan Ermənistan üçün olduqca qəlizdir. “Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal” misalı.
Məlum, 10 noyabr kapitulyasiya aktından sonra, daha doğrusu, Ermənistanın Azərbaycan qarşısında diz çökdüyü, təslim olduğu vaxtdan etibarən bu ölkədə ictimai-siyasi sfera çalxalanır. Bütün Yerevanı etiraz dalğaları bürüyüb. Ordu yox olub, iqtisadiyyat çöküb, hakimiyyət və cəmiyyət böyük bir xaos içərisindədir. Xalq-iqtidar etimadı sıfır səviyyədədir.
Az qala, hər gün hökümətin istefası tələbi ilə Yerevan küçələrində etiraz aksiyaları keçirilir. Səsləndirilən şüarlardan da aydın görünür ki, Ermənistan cəmiyyəti ciddi bir boşluq içərisindədir. Gah müharibədə sonadək Ermənistanın arxasında durmadığı üçün Rusiyanı ittiham edirlər, gah da baş nazir Nikol Paşinyanı satqınlıqda günahlandırırlar.
Paşinyan isə postu təhvil vermək fikrində deyil. Əksinə, ona qarşı səsini yüksəldənləri bir göz qırpımındaca həbs etdirir və ya polis dəyənəyi ilə döydürür. Dünənki aksiyada da bir daha bunun şahidi olduq. Hökumət binası qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edən erirazçılarla polis arasında toqquşma oldu. Hökumət binasını ələ keçirmək istəyənlər həbs edildi.
Bu günə qədər onlarla dinc və ya nadinc etirazçılara qarşı Yerevan sərt cəza tədbirləri görüb və görməkdə davam edir.
Əslində, ümumi problemlərin fonunda bu aksiyalar Ermənistan hakimiyyəti üçün çox kiçik məsələdir. Əsas problem Ermənistanı bu müşkül durumdan çıxarmaq və gələcək mövcudluğunu təmin etməkdir. Mövcud tələb və təkliflər, nəticədə meydana gələn çaşqınlıq ağıllı başla qərar verməyə imkan yaratmır. Bir təbəqə "Müharibəyə addım-addım hazırlaşmalıyıq" kimi fikirlər səsləndirir (Nə yazıq ki, “müharibə”dən mədət gözləyən ermənilər hələ də mövcuddur), digər bir təbəqə Rusiyadan üz döndərməli və Avropaya inteqrasiya etməli kimi çağırışlar edir.
Erməni hərbi ekspert Van Ambartsumyan deyir ki, Ermənistan artıq beşinci və ya altıncı nəsil müharibənin meyarlarına uyğun gəlməyən hərbi konsepsiyasını köklü şəkildə dəyişməlidir: “Azərbaycan ötən illər ərzində hazırladığı təmassız müharibə konsepsiyasını reallaşdırıb, erməni generaliteti isə 90-cı illərdə qalıb və yeni reallıqlara hazır olmayıb. Bu, Birinci Qarabağ müharibəsinin sindromudur. Onlara elə gəlirdi ki, döyüş meydanında əvvəlki taktika olacaq, lakin bu, fəlakətli səhv oldu. Qarabağda baş verən müharibənin konsepsiyası NATO-da işlənib hazırlanıb, bu döyüşlərin təhlili müdafiə strategiyamızın əsasını təşkil etməlidir. Təmassız müharibənin nə olduğunu başa düşməliyik, sonra isə bütün lazımi vəsaitləri əldə edib, addım-addım hazırlaşmalıyıq”.
Ambartsumyan başqa bir maraqlı etiraf da edir. Bildirir ki, Rusiya Ermənistana başqa ölkələrə ixrac etmədiyi silahlar verir: “Silahlar bizə maya dəyəri ilə verilir, kadrlar isə Rusiyada pulsuz hazırlıq keçirlər. Üstəlik, Rusiya Ermənistana silah alınması üçün kreditlər verir”.
Ermənistan Avropa Partiyasının sədri Tiqran Hzmalyan isə deyib ki, müharibənin nəticəsi Ermənistanın Rusiyadan qoparılması olacaq. Necə ki, bu, Gürcüstan, Moldova və Ukraynadakı analoji proseslər nəticəsində baş verdi: “Ermənistan rusiyapərəst kollaborasionistlərin hakimiyyətini devirəcək və Cənub-Şərqi Avropanın tərkibində Avropa İttifaqına və NATO-ya inteqrasiya olunmağa başlayacaq”.
Gətirdiyimiz bu misallar əlbəttə ki, Ermənistan hakimiyyətini də düşündürür. Çox yaxşı anlayırlar ki, Rusiyadan imtina Ermənistanın intiharı sayılır. Yenidən Azərbaycana qarşı ərazi iddiası isə bu dördüncü və yeni növ ölkənin məhvi deməkdir.
Odur ki, Ermənistan papağını deyil, qazanını qabağına qoyub yaxşı-yaxşı düşünməlidir...
Elgün MƏNSİMOV
Trend
Twitter: @Elgun_Mensimov