Bakı. Trend:
8 May. Bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Hər ilin 8 mayı gələndə qaysaq bağlamış yaralar yenidən qanadı, yenidən ağrıdı. Lakin Azərbaycan insanının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi. Budur, Şuşa artıq azaddır. Bütün yaralar sağalıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri xalqımızın bütün acılarını dindirdi. Artıq mayın 8-i də öz bədbinliyini itirib. Xalqımız daha Şuşanın işğal gününü xüsusi həssaslıqla da qeyd eməyəcək. Onun 28 illik iztirabı bundan sonra bir ömürlük xoşbəxtliklə əvəzlənəcək - Qara gün kimi təqvimə düşən "8 mayı", işıqlı "8 noyabr" əvəzlədiyi kimi...
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Ağır işgəncələrlə müşayiət olunan məhbusluq həyatı
Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirdi.
Lakin Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. Belə ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Bununla da Azərbaycanın, xüsusən də Qarabağın baş tacı olan Şuşa şəhəri illərin əsarətdən, ağır işgəncələrlə müşayiət olunan məhbusluq həyatından xilas edildi. Azadlığının ilk günündən etibarən, şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparıldı və bərpa işlərinə başlanıldı. Hazırda Şuşanın əvvəlki görkəmini özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər aparılır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Çünki tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daimi inkişafına şərait yaradacaqdır.
8 May günü öz mənəvi-psixoloji təsirini itirmiş olsa da...
Bütün bunları gözə alan Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Bunun üçün ortada yüksək potensial və möhkəm iradə mövcuddur...
Bütün bunlarla yanaşı, xalqımız heç bir zaman öz dədə-baba yurdlarının işğal tarixlərini də unutmayacaq. Ona görə 8 May günü də öz mənəvi-psixoloji təsirini nə qədər itirmiş olsa da, tarixiliyini bir o qədər qoruyub saxlayır. Odur ki, qısa da olsa bu yaxın tarixə nəzər salmaq istərdik;
Bütün tarixi faktlar Şuşanın məhz xəyanətin qurbanı olduğunu göstərir
İşğaldan əvvəl – 1992-cil ilin may ayının əvvəlində şəhər əhalisinin əhval-rühiyyəsi yüksək olub. Onlar Şuşanı tərk etmək barədə fikirləşməyiblər belə. Ermənilər şəhərə hücum edəndə ən əsas problem silah çatışmazlığı olub. Qeyri-bərabər döyüşdə şəhəri yalnız könüllü batalyonlar mətanətlə qoruyublar. Lakin o zaman riyaziyyat müəllimi, hərbi sahədə heç bir bilik və təcrübəyə malik olmayan, bacarıqsız müdafiə naziri Rəhim Qazıyevin yarıtmazlığı üzündən pərakəndə aparılan döyüşlər, daxili hərc-mərclik Şuşanın müdafiəsini olduqca çətinləşdirdi. Ermənilərin özləri də etiraf edirlər ki, Şuşanın işğalında 100-ə qədər zirehli maşın və tank, 11 min canlı qüvvə ilə birlikdə xarici dövlətlərdən gətirilmş müzdlulardan, havadarların yardımından istifadə olunub.
Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid oldu, 165 nəfər yaralandı. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi. Şəhərin 58 sakini itkin düşdü. Artıq şəhər sakinləri hökumətə inanmırdı. Buna səbəb həm Şuşada, həm də az əvvəl Xocalıda baş verən soyqırımı hadisəsi idi. Bununla belə, Şuşanı tərk etmək istəməyən sakinlər məcburən şəhərdən çıxarıldı. Beləcə, əsrlərdən bəri alınmaz qala kimi düşmən hücumlarına mətanətlə sinə gərən Şuşa ermənilərin əsiri oldu. Məhz belə bir vaxtda Rəhim Qazıyevin başçılıq etdiyi Müdafiə Nazirliyindən isə bildirirdilər ki, Şuşaya hücum xəbəri yalandır. Beləliklə, bu qədim şəhər məhz xəyanətin qurbanı oldu.
AXC-Müsavat cütlüyünün çirkin niyyəti
Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bir daha bu məsələyə toxundu. Bildirdi ki, Şuşanın 1992-ci il mayın 8-də itirilməsinin günahkarları AXC-Müsavat cütlüyüdür:
"O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır".
Dövlət başçısının bu fikirlərindən sonra Şuşanın necə işğal edilməsi ilə bağlı artıq qaranlıq məqamlar qalmır. Odur ki, xalqımız bu yaxın tariximizi unutmamalı və gələcək nəsillərə də unuttdurmamalıdır. Çünki tarix elə bir ortaq sərvətdir ki, ondan hər xalq öz fərasətinə görə pay götürür.
Twitter: @Elgun_Mensimov