...

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 111-ci kitabı çapdan çıxıb

Siyasət Materials 3 İyul 2021 15:47 (UTC +04:00)
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 111-ci kitabı çapdan çıxıb

Bakı. Trend:

Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur.

Trend xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 111-ci kitabında yer alan bu fikirləri Azərbaycan Prezidenti aprelin 13-də ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

Çoxcildliyin yeni kitabındakı materiallar 2021-ci ilin mart-may aylarını əhatə edir. İctimai-siyasi hadisələrlə zəngin olan həmin dövrdə Prezident İlham Əliyev Füzuli, Xocavənd rayonlarında olub, Hadrut qəsəbəsində Dövlət bayrağımızı qaldırıb. Daha sonra Şuşa şəhərinə gedərək Cıdır düzündə Novruz tonqalını alovlandırıb və buradan Azərbaycan xalqına müraciət edib. Dövlətimizin başçısının bu səfərləri barədə informasiyalar və çıxışlarının mətni yeni kitaba daxil edilib. Nəşrdə Azərbaycan Prezidentinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşündə etdiyi çıxışın mətni, Zəngilan sakinləri ilə görüşü haqqında materiallar da yer alıb.

Oxucular bu kitabda Azərbaycan Prezidentinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışının, Ümumdünya Səhiyyə Təşkilatının mənzil-qərargahında keçirilmiş tədbirdə videomüraciətinin, BMT-nin “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilmiş 77-ci sessiyasında videoformatda çıxışının mətnləri ilə tanış ola bilərlər.

Yeni nəşrdə Prezident İlham Əliyevin Azərbaycana işgüzar səfərə gəlmiş Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü və sənədlərin imzalanması haqqında informasiya, iki dövlətin liderlərinin mətbuata bəyanatlarının mətnləri verilib. Kitabda Azərbaycan Prezidentinin Slovakiya, Rusiya, Türkiyə və digər dövlətlərdən ölkəmizə gəlmiş nümayəndə heyətləri ilə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Osayminlə, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırla görüşləri haqqında materiallar da toplanıb. Azərbaycan Prezidentinin Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktarı və ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü, Dünya Bankının regional direktoru Sebastian Molineusu, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul etməsi, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusla, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşləri barədə materiallar da kitaba daxil edilib.

Çoxcildliyin 111-ci kitabında Prezident İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılış mərasimində iştirakına dair informasiya və Parkla tanışlıqdan sonra hərbi qulluqçularla görüşü zamanı çıxışının mətni verilib.

Nəşrdə dövlətimizin başçısının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmuş Zaur Mikayılovu videoformatda qəbul edərkən çıxışının mətni ilə də tanış olmaq mümkündür.

Bu kitaba Azərbaycan Prezidentinin Hacıqabul Sənaye Məhəlləsinin açılışında, Hacıqabul-Muğan avtomobil yolunun yenidən qurulmadan sonra istifadəyə verilməsi mərasimində iştirakına, Meyniman kəndi ərazisində fermer Elşən Xəlilovun pambıq tarlası ilə tanışlığına, “Agro Dairy” MMC aqroparkının təqdimatında, “Qarasu” yarımstansiyasının istismara verilməsi, “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirakına dair materiallar və Hacıqabulda Azərbaycan Televiziyasına müsahibəsinin mətni daxil olunub.

“Azərnəşr” tərəfindən buraxılan 111-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti