...

Prezident İlham Əliyev: Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindəndir

Siyasət Materials 26 Avqust 2021 17:34 (UTC +04:00)
Prezident İlham Əliyev: Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindəndir

Bakı. Trend:

Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib:

"Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq. Ancaq bununla paralel olaraq, İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün biz daha fəal olmalıyıq. Eyni zamanda, gənclərimizin tərbiyə işində də mütləq bu mövzu ön planda olmalıdır. Çünki İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir.

Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülmüşdür. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq. Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, - harada ki, biz indi görüşürük, - uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib və bu, bir daha dövlət tərəfindən aparılan siyasəti göstərir.

Onu da bildirməliyəm ki, bu sahədə Azərbaycan dünya miqyasında nümunəvi ölkə sayıla bilər. Çünki bir daha demək istəyirəm ki, bu günə qədər 10 minə yaxın vətəndaş mənzillərlə, fərdi evlərlə təmin edilib. Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar.

Eyni zamanda, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilibdir. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik.

Eyni zamanda, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib".

Xəbər lenti

Xəbər lenti