...

Tarixi Zəfərimiz gənclərin milli ruhda tərbiyəsində mühüm rola malikdir - Vüqar Rəhimzadə

Siyasət Materials 8 Sentyabr 2021 17:00 (UTC +04:00)
Tarixi Zəfərimiz gənclərin milli ruhda tərbiyəsində mühüm rola malikdir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Qırx dörd günlük İkinci Qarabağ müharibəsi hər bir Azərbaycan vətəndaşının, o cümlədən gəncinin torpaq, Vətən sevgisini nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyevin «hücum» əmrini daim səbirsizliklə gözləyən gənclərimiz 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə hücumlarının qarşısını almaq üçün Ali Baş Komandanın «İrəli, Azərbaycan əsgəri!» çağırışını böyük ruh yüksəkliyi ilə qarşıladılar. Həmin vaxtlarda könüllü olaraq Vətən müharibəsində iştirak etmək üçün gənclərimizin müraciətlərinin sayı-hesabı yox idi. Bu, qürurverici olmaqla yanaşı, onların böyüdükləri ailələrdə dəyərlərin necə yüksək səviyyədə aşılandığına, dövlətə, xalqa bağlılıqlarına bir daha işıq saldı. Tarixi Zəfərimizi qanları ilə yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinə belə qəhrəman oğullar böyütdükləri üçün minnətdarlığımızı bildiririk. Dövlət başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən daim torpaq, Vətən sevgisini, vətənpərvərlik hisslərinin böyüklüyünü önə çəkir. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir! Bu fikir tarixi Qələbəmizdən sonra daha çox və aktual səslənir. Əgər gənclərimiz 44 günlük Vətən müharibəsində «Vətən mənə oğul desə, nə dərdim» kimi çağırışlar edirdilərsə, bu gün artıq qürurla deyirik ki, Vətən nəinki sizə oğul dedi, eyni zamanda, qucaq açdı, vətənpərvərliyinizi, sevginizi, torpağa bağlılığınızı şəhidlik kimi ən yüksək zirvə ilə dəyərləndirdi.

Bu fikirləri Trend-ə «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev sentyabrın 7-də Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha bu kimi məqamlara xüsusi diqqət yönəltdi: "Prezident İlham Əliyev «İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır» çağırışını etməklə şəhidlərimizin, qazilərimizin həyat yolunun bir vətənpərvərlik məktəbi olduğunu və illər keçdikcə bu məktəbin gənclərimizin yetişməsində, milli ruhda tərbiyəsində nə qədər böyük rol oynayacağının şahidi olacağıq".

Baş redaktor diqqəti cənab İlham Əliyevin videoformatda keçirdiyi qəbulda səsləndirdiyi digər fikirlərə də yönəldib: "Dövlət başçısı İlham Əliyev gənclərimizin ənənəvi dəyərlər əsasında tərbiyə almasının vacibliyini bildirərək vurğulamışdır ki, həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Milli dəyərlərimizi dərk etməli, onları yaşatmalı və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Bütün bu çağırışlar fonunda ölkə Prezidenti bu fikri böyük qürur hissi ilə bildirmişdir ki, gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Çünki uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq. Bundan sonra müzəffər xalq, qalib ölkə olmağımızla qürur duyacağıq".

V.Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə hər bir müsahibəsi, müraciəti, nitqi bugünümüzün reallıqlarına baxış fonunda gələcəyimizlə bağlı çağırışları özündə ehtiva edir: "30 ilə yaxın müharibə şəratində olan Azərbaycan bu gün tarixinin ən möhtəşəm dövrünu yaşayır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdışın tezləşdirilməsi üçün zəruri addımlar atılır. Zəfərimiz milli qürurumuzu, kimliyimizi özümüzə qaytarmaqla bizi sabaha daha böyük inamla addımlamağa, başımızı uca tutmağa səslədi. “Dəmir yumruq” dosta qürur, düşmənə göz dağı oldu. Beləliklə, Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 il sürən işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük Sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Zəfər və qəhrəmanlıq simvoluna çevrildi. Bu gün Azərbaycan gənci bu reallıqlar fonunda gələcəyə daha böyük inamla addımlayır. Dövlət başçısının hər bir çıxışında gənclərə böyük çağırışlar edilir. Eyni zamanda, bu gün yaşlı nəslin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin yardılması prioritet məsələ kimi öndədir. Azərbaycan dövlətinin siyasətində gənclərimizin dövlət idarəçiliyində irəli çəkilməsi, onların malik olduqları potensialdan istifadə əsas tələblər sırasındadır. Ölkəmizdə təhsilin, elmin inkişafına göstərilən diqqət və qayğı gələcəyimiz olan gənclərin hərtərəfli inkişafına dəstəkdən irəli gəlir. Müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə yeni mühiti formalaşdıra bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Dövlət başçısı İlham Əliyevin 11 aprel 2018-ci il prezident seçkilərində qələbəsindən sonra keçirilən möhtəşəm tədbirdə səsləndirdiyi "Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq" çağırışı da özündə bu məqamları ehtiva edirdi. 44 günlük İkinci Qarabağ müharibəsi bir daha bu çağırışların hansı müsbət nəticələrə yol açdığını nümayiş edirdi. Müzəffər Ordumuzun yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir! Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti